Bakıda Fransanın milli bayramı qeyd edilib
İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez çıxış edərək ölkələrimiz arasında əlaqələrin 25 ildir ki, yüksələn xətlə inkişaf etdiyini deyib. O, qarşılıqlı yüksək səviyyəli səfərlərin, görüşlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdiyini bildirib.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən səfir siyasi, iqtisadi əlaqələrin, habelə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Qəbula rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri qatılıblar.
1news.az