Bakıda Rumıniyanın milli bayramı qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Rumıniyanın milli bayramı qeyd edilib - FOTO

21:23 - 28 / 11 / 2017
Bakıda Rumıniyanın milli bayramı qeyd edilib - FOTO

Bakıda Rumıniyanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku çıxışında 99 il əvvəl ölkəsinin müstəqillik əldə etdiyini deyib. Səfir bildirib ki, 1918-ci ilin 1 dekabr tarixində, müharibə şəraitində olan qitəyə sülh öz üzünü güldürməklə, Rumıniya dövlətinin birliyi sonunda tam əldə edildi. Bu, xalqın möhkəm istəyindən irəli gələn sülh yolu ilə, dözümlülük və tolerantlıq ruhunda baş verdi. O zaman doğulan yeni Rumıniya sonrakı illərində zamanın ən yüksək standartlarını, tolerantlıq, ədalət və hörmət dəyərlərini ölkə daxilində və xaricində təşviq etmək üçün böyük səylər göstərmişdir. Bu dəyərlər bu gün də bizim siyasətimizin mərkəzində qalmaqdadır.

Diplomat vurğulayıb ki, bu gün Rumıniya və Azərbaycan güclü dostluq əlaqələri və ortaq dəyərlərlə bir-birilərinə bağlıdırlar. Azərbaycan regionda Rumıniyanın strateji tərəfdaşı olan yeganə ölkədir: “Azərbaycan Cənubi Qafqazda bizim ən böyük iqtisadi tərəfdaşımız, həmçinin energetika və nəqliyyat kimi strateji sahələrdə bizim əsas regional həmkarımızdır.  

Bundan əlavə, bizim ölkələrimiz multikulturalizm, tolerantlq və müxtəlifliyə hörmət dəyərlərinə güclü bağlılıqlarını eyni dərəcədə paylaşırlar.  Rumıniyada, Azərbaycanda da olduğu kimi, bütün bunlar indi bizim cəmiyyətimizin özəyində dərin və möhkəm kök salıb”.

Səfir əlavə edib ki, bu ilin iyun ayında Rumıniya və Azərbaycan arasındakı diplomatik münasibətlərin 25 illiyini qeyd etdik: “Əsrin bu dövrünün mirası zəngin və ilhamvericidir. Hazırda biz mükəmməl  siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və gedərək genişlənən insandan insana təmaslardan məmnunuq. Bu bizə institusional, işgüzar, təhsil və mədəni əlaqələri daha da genişləndirmək, əlaqələrimiz arasında mövcud olan böyük potensialdan daha səmərəli istifadə etmək üçün gələcək səylərimizə möhkəm zəmin və istiqamət yaradır”.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan xalqı və dövləti adından Rumıniya xalqını və dövlətiini təbrik edib. O deyib ki, iki ölkənin münasibətləri strateji tərəfdaşlığa əsaslanır. Bütün sahələri əhatə edən münasibətlər dinamik inkişaf edir. İki ölkə arasında hökumətlərarası komissiya fəaliyyət göstərir və bu komissiya iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir. 2018-ci ilin əvvəlində komissiyanın növbəti iclası olacaq.

Nazir müavini Rumıniyanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini deyib və buna görə təşəkkürünü bildirib.

Pərvanə Sultanova

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər