Çində məmurlar ailə mərasimləri keçirmək üçün rəsmi qurumlardan icazə almalıdırlar
Çinin Şencen şəhərində məmurlar ailə mərasimləri, o cümlədən toy, ad günü banketləri, dəfn mərasimləri keçirmək üçün müvafiq dövlət qurumundan “online” qaydada müraciətlə razılıq almalıdırlar.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhər İntizam Komitəsinin bu barədə qərarı dekabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən, məmurlar qeyd olunan mərasimlərin təşkili üçün 10 gün əvvəldən müraciət etməlidirlər. Xüsusi anketdə mərasimin vaxtı, yeri, qonaqların sayı qeyd olunmalıdır. Anketdə diqqət çəkən maddələrdən biri məmurların mərasimə dəvət etdikləri və tabeliklərində olan işçilərdən pul və hədiyyə qəbul etməyəcəkləri barədə söz vermələri ilə əlaqədardır. Bundan başqa, məmurlar mərasimlərin təşkilində israfçılığa, təmtərağa yol verməməlidirlər. Qaydalar məmurların özləri ilə yanaşı, onların ailə üzvləri üçün təşkil olunacaq mərasimlərə də şamil olunur.
Bildirilir ki, qaydaları pozan məmurlara qarşı müxtəlif növ cəzalar tətbiq olunacaq.
1news.az