Mövcud OPEC+ sazişinin müddəti uzadılacaqmı? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mövcud OPEC+ sazişinin müddəti uzadılacaqmı?

15:12 - 29 / 11 / 2017
Mövcud OPEC+ sazişinin müddəti uzadılacaqmı?

Bu, Vyanada baş tutacaq OPEC Nazirlər Şurasının 173-cü iclasının əsas müzakirə mövzusu olacaq

Noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü iclası keçiriləcək. İclas çərçivəsində Azərbaycanın da təmsil olunacağı OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin üçüncü iclası baş tutacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin üçüncü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları olacaq, həmçinin neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflər müzakirə ediləcək.

Rəsmi Bakı neft bazarında tarazlığın təmin edilməsi prosesinə ardıcıl dəstək göstərir

Azərbaycan neft bazarında tarazlığın yaranması və “qara qızıl”ın qiymətinin bahalaşmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir. OPEC Nazirlər Şurasının 173-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə ardıcıl dəstəyini bir daha nümayiş etdirib.

Ölkəmiz Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Belə ki, ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində bu ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib. Dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün OPEC çərçivəsində irəli sürülmüş təşəbbüslərə ilk qoşulan ölkələrdən biri kimi Azərbaycanın bu mövqeyi, neftin dünya bazarında öz ədalətli qiymətini tapması istiqamətində aparılan proseslərə dəyərli töhfələri təşkilat tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

İclas ərəfəsində “qara qızıl”ın qiymətində ucuzlaşma müşahidə olunur

Həftənin əvvəlindən neftin qiymətinin ucuzlaşması investorların bütün diqqətini OPEC-in toplantısına yönəldib. Belə ki, ötən həftə 64 dollaradək bahalaşan “Brent” markalı xam neftin qiyməti bu həftə ucuzlaşmağa başlayıb. Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 63 dollara satılır.

Keçən həftənin əvvəlində 56 dollar/barreldən alıcı axtaran “Layt” nefti isə həftənin sonunda 59 dollar/barrelədək bahalaşmışdı. Lakin OPEC-in iclasına dair fərqli gözlənti və ssenarilərin formalaşması “Layt” neftinin qiymətinin də bu həftə ucuzlaşmasına səbəb olub. Həftənin əvvəlində Nyu-Yorkun NYMEX birjasında 58 dollar/barrelə satılan “Layt” nefti ötən üç gündə 1 dollaradək ucuzlaşıb.

OPEC+ sazişinə qoşulan ölkələrin sayı arta bilər

Neft bazarında nisbətən tələb-təklif tarazlığının yaranması və qiymətin il ərzində 50-60 dollar/barrel arasında dəyişməsi OPEC+ sazişinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Belə olan halda neft hasilatçısı olan digər ölkələrində də bu razılaşmaya qoşulmağa maraq yarandı.

Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino şərhində daha 10-12 ölkəyə OPEC+ sazişinə qoşulmaları üçün dəvət göndərildiyi açıqlamışdı. O, həmin ölkələrin əsasən Cənubi Amerika və Afrika ölkələri olduğunu bildirmişdi.

Lakin son günlərdə həmin ölkələrin sayının 10-a endiyi qeyd edilir və OPEC Nazirlər Şurasının iclasında bu barədə qərar veriləcəyi planlaşdırılır. Sazişə qoşulmaq istəyən ölkələr sırasında Türkmənistan, Özbəkistan, Boliviya, Çad, Konqo, Qana, Kot-dİvuar, Seneqal, Misir və Uqandanın adı hallanır.

OPEC hasilatın azaldılması üzrə qərarın qlobal iqtisadiyyatın lehinə olduğu qənaətindədir

OPEC-in baş katibi Məhəmməd Barkindo 1 ili tamam olacaq kartel üzrə neft hasilatının azaldılmasına dair sazişi şərh edərkən deyib: “Yaxın günlərdə 1 ili tamam olacaq neft hasilatının azaldılması üzrə saziş “qara qızıl”ın qiymətinin bahalaşmasına kömək olub. Ötən bir il ərzində birgə səylərin nəticəsi olaraq sektora güvən yaranıb. Qarşı çıxılmasına baxmayaraq neft hasilatının azaldılmasına dair razılaşma bərabərlik, şəffaflıq, əhatəlilik və açıqlıq ilə müvəffəqiyyətə çatıb. Hazırkı bazar şərtləri birillik birgə işimizin nəticəsi olaraq sektora etimad və optimistlik verib”.

“OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını azaltmaları və bu təşəbbüsün bir ilə yaxın müddətədək davam etdirilməsinin nəticəsi olaraq neft bazarında sabitlik təmin edilib. Yanvar ayından indiyədək sazişə üzrə öhdəliyə əməletmə səviyyəsi 100 faizi ötüb. Bazardakı bu optimist vəziyyət daha əvvəl reallaşmamışdı”, - deyə M.Barkindo əlavə edib.

O qeyd edib ki, neft hasilatının azaldılması üzrə qərar qlobal iqtisadiyyatın lehinədir və sektora müsbət təsir göstərib. Beş illik orta göstəricidə 380 milyon barrel rekord səviyyəyə çatdıqdan sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kommersiya neft ehtiyatları oktyabrda eyni dövrdəki orta səviyyənin aşağısına düşərək 140 milyon barreldən az olub. Buna əlavə olaraq, üzən anbarlardakı xam neft ehtiyatları isə bu ilin iyun ayında 50 milyon barrelə enib. Bütün dəyərləndirmələrdə bazarda tarazlığın yaranacağına dair mesajlar verilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Küveyt və İraq OPEC+ sazişinin müddətinin uzadılmasının tərəfdarıdır

Küveytin neft, enerji və su ehtiyatları naziri Essam əl-Marzuk deyib ki, ölkəsi OPEK + sazişinin müddətinin uzadılmasını dəstəkləyir. “Biz sazişin müddətinin artırılmasını dəstəkləyirik. Lakin buna baxmayaraq biz razılaşmanın icrası üzə Birgə Monitorinq Komitəsinin iclasının nəticələrini gözləməliyik”.

İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi də ölkəsinin neft hasilatının azaldılmasına dair mövcud sazişin müddətinin uzadılmasını dəstəklədiyini bildirib. O, sövdələşmədə iştirak edən ölkələrin noyabrın 30-da sazişin müddətinin uzadılması barədə qərar qəbul edəcəklərinə ümid etdiyini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail bin Mohammed al-Mazroui toplantı ərəfəsində verdiyi şərhdə neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması üzrə müzakirələrin asan olmayacağını deyib. “Bu asan bir görüş olmayacaq və müxtəlif ssenarilər qiymətləndiriləcək. Lakin mən şəxsən optimistəm”, - deyə nazir bildirib.

O, Vyanada müzakirə ediləcək bir çox variant arasında neft hasilatının azaldılması üzrə mövcud sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılacağının olduğunu deyib.

Hazırda bazarda sazişin müddətinin hansı tarixədək uzadılacağı barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələrə görə ölkələr mövcud sazişin müddətinin 6, 9 aylıq və 1 illik müddətə uzadılmasına dair variantları nəzərdən keçirirlər.

Qeyd edək ki, OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.

Rusiya və Səudiyyə Ərəbistanı rəsmiləri müxtəlif fikirlər səsləndirir

Hər kəsin diqqətinin Vyana toplantısında olduğu bir vaxtda dünyanın ən böyük neft hasilatçısı ölkələrindən olan Rusiya və Səudiyyə Ərəbistanı rəsmiləri bir-birinə əks fikirlər səsləndirir. Rusiyanın energetika naziri Aleksandr Novak OPEC+ ölkələrinin hamısının neft hasilatının azaldılması ilə bağlı sazişin müddətinin uzadılmasının tərəfdarı olduğunu bildirib.

“Sazişin çərçivəsində qoyulan məqsədlərə nail olunur. Hazırda əlavə neft ehtiyatlarının 50 faizi bazardan çıxıb, “qara qızıl”ın qiyməti sabitləşib. Lakin hələ də bazarın balanslaşdırılması ilə bağlı hədəfə tam nail olunmayıb. Bütün iştirakçı ölkələr bu hədəfə çatmaq üçün sazişin müddətinin uzadılmasının tərəfdarıdır.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih isə OPEC+ sazişinin müddətinin uzadılması məsələsində ölkəsi ilə Rusiya arasında fikir ayrılığının yarandığını bildirib. Nazir Səudiyyə Ərəbistanının mövcud sazişin müddətinin daha 9 ay uzadılmasını təklif etdiyini, lakin Rusiya tərəfinin razılaşmanın daha az müddətə uzadılmasının tərəfdarı olduğunu qeyd edib.

Ekspertlər: Neftin qiyməti Vyana toplantısından sonra yenidən formalaşacaq

Analitiklərin fikrincə neftin qiyməti OPEC-in sabahkı iclasının nəticələri fonunda yenidən formalaşacaq. Əgər toplantıda hasilat kvotasının artırılması və ya mövcud OPEC+ sazişinin müddətinin artırılması ilə bağlı hər hansı bir qərar qəbul edilərsə bu, “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 63 dollardan 64-65 dollar/barrelədək bahalaşmasına səbəb olacaq.

S.Xankişiyeva

Paylaş:
567

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər