Tanınmış ingilis yazıçısının Azərbaycan Prezidenti haqqında kitabı tacik dilində çap edilib – FOTO
Böyük Britaniyanın tanınmış yazıçısı Qrem Uilsonun “İlham: Prezidentin portreti” kitabı Düşənbədə tacik dilində çap edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, kitabda Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında faktlar əsasında, açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açılır, dövlət başçısının uğur fenomeni təhlil edilib. Azərbaycanın tarixi, ölkəmizin ən qədim dövrlərdən zəmanəmizə qədər siyasi inkişafının spesifikası öz əksini tapıb.
Bundan başqa, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı da tacik dilinə tərcümə edilib. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılıb. Erməni millətçilərinin təcavüzkarlığı nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilib.
Kitabları tacik dilinə Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət himninin müəllifi, Xalq Şairi Qolnazar Keldi tərcümə edib.
S.Xankişiyeva