Əli Həsənovun kitabı Daşkənddə dörd dildə çap olunub
Daşkənddə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Bakıda 8 dildə nəşr edilən “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabları əsasında “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti və Xocalı soyqırımı” kitabı çap olunub.
1news.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə layihəsi çərçivəsində Daşkənddəki “İstiqlol nuri” nəşriyyatında çap edilən kitabda mətnlər 4 dildə - özbək, Azərbaycan, rus və ingilis dillərində verilib.
Birinci fəsildə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımına və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Bu fəsildə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşa, İrəvan quberniyası, Zəngəzur, Naxçıvan, Şərur, Ordubad, Qars və başqa bölgələrdə də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının qətlə yetirilməsi faktlara əsasən təhqiq olunur.
İkinci fəsildə isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu hissədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir.
Kitabda mövzularla bağlı müxtəlif tarixi sənədlər, xəritə və şəkillər də verilib.
1news.az