Rusiya MN: “Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi ölüb
Rusiya Müdafiə Nazirliyi Suriyadakı “Hmeymim" aviabazasına hücum zamanı ən azı 7 hərbi təyyarənin məhv edildiyi barədə məlumatları təkzib edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Müdafiə Nazirliyi “Kommersant” qəzetinin bununla bağlı yaydığı xəbərin saxta olduğunu bəyan edib.
Müdafiə Nazirliyinin məlumatında hücum nəticəsində iki hərbçinin öldüyü də açıqlanıb. Bildirilib ki, 2017-ci ilin dekabrın 31-də axşam saatlarında “Hmeymim” aviabazası silahlı terrorçu qrupun hücumuna məruz qalıb. Hadisə nəticəsində iki hərbçi ölüb.
Hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi, habelə aviabaza ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, dekabrın 31-də Suriya terrorçularının Rusiyanın "Hmeymim" aviabazasına hücumu nəticəsində minaatanlardan açılan atəş Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsini, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsini və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsini məhv edib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralanıb.
Xəbəri təkzib edən Rusiya MN əlavə edib ki, Suriyadakı Rusiya hava qüvvələri qarşıya qoyulmuş bütün məqsədləri yerinə yetirməkdə davam edir.
P.Sultanova