Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunub – FOTO

17:40 - 05 / 01 / 2018
Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunub – FOTO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından olan Horadiz əməliyyatından 24 il keçir.

1news.az-ın məlumatına görə, bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissəsinin keçmiş komandirləri və döyüşçüləri əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş digər döyüşçülərin məzarlarını ziyarət ediblər.
 
Horadiz əməliyyatına rəhbərlik etmiş hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi də daxil olmaqla 23 yaşayış məntəqəsi işğaldan azad edilib, ordumuz 25-30 kilometrə qədər irəliləyərək torpaqlarımızın bir hissəsini geri qaytarıb.

“Bu gün də orada sakinlərimiz yaşayır. Buna görə də Horadiz əməliyyatı bizim qürur mənbəyimizdir”- deyən Ş.Ramaldanov Hordaiz əməliyyatının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb:

“1993-cü ildə mərhum prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda, döyüşçülərdə qələbəyə inam yarandı. Heydər Əliyevin xeyir-duası ilə hücum əməliyyatı keçirildi. Xeyli itkiyə məruz qalan düşmən atəşkəsi təmin edən Bişkek protokolunu imzalamağa məcbur oldu”.

Müharibənin hələ bitmədiyini deyən ehtiyatda olan polkovnik bildirib ki, gec-tez bütün torpaqlarımızın işğaldan azad olunacağına əminliyini ifadə edib, bunun bariz nümunəsi kimi isə aprel döyüşlərini göstərib:

“Hər gün atəşkəs rejimi pozulur. Qəhrəman əsgərlərimiz düşmənin bütün təxribatlarının qarşısını layiqincə alır onun atəş mövqelərini susdurur. 2016-cı ilin aprel ayında Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə sarsıdıcı zərbələr endirildi. Nəticədə düşmən geri oturduldu və həmin yaşayış məntəqələrinin təhlükəsizliyi təmin edildi.

Aprel döyüşləri Horadiz əməliyyatının davamı idi. Düşmən hələ də bu zərbədən özünə gələ bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin gücü erməniləri qorxuya salıb. İnanıram ki, bundan sonra Horadiz əməliyyatı kimi qələbələrimiz çox olacaq”.
 
Qeyd edək ki, 1993-cü ilin dekabrından başlayaraq 1994-cü ilin fevralına kimi davam edən hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilib. Eyni zamanda düşmənin 3 tankı, 6 ədəd topu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah-sursatı ələ keçirilib.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Babək Cahandarov

Paylaş:
994

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər