Histogram: Şah İsmayıl Telegram-da yazışır, Tağıyev isə Instagram-da canlı efirdədir... – FOTO – VİDEO
“Təsəvvür edin, əgər Nobel qardaşları ilk neft quyusunu Instagram-da hekayələr bölməsində, Səməd Vurğun şeirlərini qeydlər bölməsində, Rixard Zorge gizli məlumatları Telegram-da paylaşsaydı necə olardı?”, - bunu yeni kreativ Histogram layihəsinin təsisçiləri mayın 10-da “Cinema Plus Azerbaijan” kinoteatrında baş tutan təqdimat mərasimində söyləyiblər.
Layihənin müəllifi “Beat Group” şirkətinə, ideyası Zaur Darabzadəyə məxsusdur. Sinan Ağaev kreativ direktoru, Rəhman Hacıyev və Murad Babayev layihənin prodüsserləridir.
Histogram – bu, Azərbaycanda smartfonlar üçün ilk sənədli filmdir. Təsisçilər çox ciddi kökləniblər: layihə 2019-cu ildə ölkənin əsas rəqəmsal layihəsi olmağa iddialıdır.
Serialın hər bir epizodu müasir metodlar vasitəsilə dövlətin tarixinə ekskursiyalardır. Layihənin məqsədi gənc nəsli əyləncəli vizual formatın köməyilə onlara anlaşıqlı dildə ölkəmizin tarixi ilə tanışlıqdan ibarətdir.
Layihənin təqdimat mərasimi və sənədli filmin bağlı nümayişi mayın 10-da müəlliflərin və dəvət olunmuş qonaqların iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olundu.
“Zənnimcə, bu çox simvolikdir. Tarix də təsadüfi seçilməyib. Mayın 10-da Azərbaycan xalqı öz liderini, müstəqil Azərbaycanın qurucusu – Heydər Əliyevi xatırlayır. Heydər Əliyev layihəmizdə xüsusi yer tutacaq, lakin bu, bir qədər gec olacaq. Hazırda sizlərin diqqətinə qədim Azərbaycanın tarixinə həsr olunmuş ilk filmi çatdırmaq istərdik. Bu, bir növ XX əsrin ən əhəmiyyətli məqamlarını incə detalları ilə təsvir edən tanışlıq xarakterlidir”, - deyə “Cinema Plus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə çıxışında bildirib.
“Beat Group”un nümayəndəsi Sinan Ağayev serialın yaranma tarixçəsindən bəhs edib:
Yaxın zamanlarda həyata keçirdiyimiz Histogram layihəsi çox vacib mesaj daşıyır: belə ki, bu, hər birimizin mükəmməl səviyyədə bilməsi lazım olan vacib dərs – öz tariximizdir. Tarixsiz nə keçmiş var, nə gələcək. Bu layihədə iştirak edən hər bir kəs elə əvvəldən bu ideyanı dərindən dərk edib.
Məzmunun təqdimatı belə artıq təbəssüm doğurur. Bu, sadəcə müasir deyil. Bu məzmun əlimizdən yerə qoymadığımız smartfonlarımızın dilində yaradılıb. Və indi görəcəyiniz yaddaşınıza həkk olacaq”.
Onun sözlərinə görə, layihənin çox böyük gələcəyi var:
“Layihə inkişaf edərək, genişmiqyaslı olacaq. Yeni epizodlar Instagram sosial şəbəkəsində, Youtube kanalında, eləcə də layihənin rəsmi saytında hər kəsə əlçatan olacaq.
Həmçinin, materialın formatından əlavə, onun mövzusu da çox dəyərlidir – burada bizlərin genetik kodlarımız da yer alıb. İstəyirik ki, kitab vərəqləməkdə tənbəllik edənlər də bunu mənimsəsinlər. Serial ilk olaraq üç dildə – Azərbaycan, rus və ingilis dillərində işıq üzü görəcək. Daha sonra isə digər dillərə də tərcümələr planlaşdırılır”.
“Bu gün biz bu möhtəşəm məkanda – Vətənimizin şərəfinə adlandırılmış “Azərbaycan” kinoteatrında tarixi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin doğum günündə bir araya gələrək yeni layihəmiz – Azərbaycanın tarixinə həsr olunmuş qısametrajlı filmlər silsiləsinin təqdimat mərasiminə toplaşmışıq” – deyə serialın ərsəyə gəlməsində bilavasitə iştirak etmiş 1news.az saytının baş redaktoru Rəhman Hacıyev bildirib.
“Öz tarixini bilməyən insan gələcəyini və indiki dövrünü dərk edə bilməz. Histogram layihəsi vasitəsilə tariximizə müxtəlif rakuslardan nəzər salacağıq. Təəsüflər olsun ki, müasir media aləmində əsl tarix üçün demək olar ki, yer qalmayıb – praktiki olaraq fantaziya janrı onu ekranlardan sıxışdırıb çıxarıb. Uçan əjdahalar atlardan, elflər və nəhənglər isə zirehli cəngavərlərdən daha maraqlıdır. Lakin bununla yanaşı, tarix daha maraqlı ola bilər. Layihəmiz çərçivəsində məhz bunu etməyə çalışdıq – əminəm ki, materialın təqdimatı sizi olduqca təəccübləndirəcək. Ayda bir dəfə olmaqla 1 seriya yayımlamağı planlaşdırırıq”, - deyə R.Hacıyev sözlərinə əlavə edib.
Onun sözlərinə görə, bu cür maarifləndirici məzmuna böyük tələbat var:
“Ümid etmək istəyirəm ki, tarixə həsr olunmuş serialımız gənc nəslin inkişafına öz töhfəsini verəcək”.
R.Hacıyev layihənin yaradılmasında iştirak edən hər bir kəsə, xüsusilə də “Beat Group”un rəhbəri Murad Babayevə minnətdarlığını bildirib:
“Dostumuz Murad bu gün bizlərə qoşula bilməyib. Qeyd etmək istərdim ki, onun iştirakı olmadan, onun kreativ baxışları olmadan layihənin ərsəyə gəlməsi mümkün olmazdı. Dəvətə və belə bir gözəl təşəbbüsdə iştirak imkanına görə ona xüsusi minnətdarlığımı bildirirəm”.
13 dəqiqəlik ilk sənədli filmdə Atropatenadan başlamış Azərbaycan Demokratik Respublikasının yaranmasına qədər bəhs edilir. Birinci seriyada əyləncəli dildə Azərbaycanda zərdüştlüyün yaranmasından, ilk əlifbadan, Mehrani sülaləsinin hakimiyyət dövründən, ərəblərin hücumu, “Dədə Qorqud” eposu, Səfəvilər sülaləsi və Azərbaycan xanlıqlarından bəhs edilir. Daha sonra isə Bakı quberniyasının yaranması, ilk müsəlman məktəblərinin formalaşmasından, Bakının neft sənayesi şəhərinə çevrilməsinin qısa tarxiçəsi tamaşaçıların nəzərinə çatdırılır. Ən başlıcası məzmunun təqdimatı kreativ və maraqlıdır.
Layihənin müəllifləri tamaşaçıların diqqətinə Azərbaycan tarixinin vacib məqamları sosial şəbəkə elementləri ilə təqdim edilir. Tarixi hadisələrə, müəyyən dövrlərin görkəmli şəxslərinin həyat və fəaliyyətlərini tamaşaçılar mobil tətbiq vasitəsilə baxacaqlar. Layihə müəlliflərinin fikrilə, tarixi şəxsiyyətlərin sosial şəbəkələrdə səhifələri var, onlar foto və video paylaşımlar edir, şərhlər yazır, paylaşımları bəyənir, heşteqdən istifadə edirlər...
Təsisçilər yaxın zamanlarda internetə ADR-ə həsr olunmuş ikinci seriyanı buraxmağı planlaşdırır. Həmçinin gələcək planlarda Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan SSR-in tarixi və digər məqamlar da yer alacaq.
Histogram-ı sosial şəbəkələrdə izləyin:
Tərcümə: S.Xankişiyeva