Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir
Koronavirus pandemiyası bütün dünya əhalisinin cansağlığına ciddi təhlükə yaratdığı kimi, həmçinin insanların hərəkətində məhdudiyyətlərə də səbəb olub.
Azərbaycan bu vəziyyətdə də istisna deyil və buna görə də tətbiq olunan məhdudiyyətlər səbəbindən vətənə geri dönə bilməyən – hazırda Türkiyədən vətəndaşlarının problemlərini həll etmək üçün təcili tədbirlər görür.
Belə ki, Azərbaycanla Türkiyə arasında hava səyahətinin müvəqqəti dayandırılması qərarı ilə əlaqədar olaraq, Azərbaycan Milli Aviadaşıyıcısı – AZAL vətəndaşlarımızı oradan geri qaytarmaq üçün Türkiyəyə çarter reysləri təşkil edir. Beləliklə, bu gün, 15 mart 474 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gəlir. Digər çarter reysi 16 mart, bazar ertəsi gününə planlaşdırılıb. Yaxın günlərdə AZAL Ankara və Antalyaya da çarter reysləri açacaq.
Bazar günü, martın 15-də məlum oldu ki, Budapeşt-Bakı reysi təxirə salınıb. Bununla əlaqədar olaraq, bu reys üçün bilet alan Azərbaycan vətəndaşları Vətənə qayıda bilməyiblər.
Vəziyyəti aydınlaşdırmaq üçün Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə əlaqə saxladıq.
“Həqiqətən də, martın 15-də Wizz Air hava yolları təyyarənin Bakıya uçuşuna 3 saat qalmış reysi təxirə salıb. Bu səbəbdən də, 58 Azərbaycan vətəndaşı Budapeştdən qayıda bilməyiblər”, - səfir bildirib.
O qeyd edib ki, problemdən xəbər tutan kimi, səfirlik əməkdaşları təcili olaraq aeroporta yollanıb:
“İnsanlar çətin vəziyyətə düşüb. Onlardan bəziləri son avrolarını xərcləyərək bilet aldıqlarını bildirib. Səfirlik Azərbaycan XİN ilə birlikdə yaranmış problemi ortadan qaldırmaq üçün təcili tədbirlər görür.
Sərnişinlərdən bəzilərini hostellərə yerləşdirdik. Bəzilərini isə Macarıstanda yaşayan həmvətənlilərimiz öz evlərinə dəvət ediblər”.
“Əlbəttə ki, bu, yekun qərar deyil. Sərnişinlərdən bəziləri, nümunə üçün, martın 19-na bilet alıb. Lakin Wizz Air Bakıya reysləri aprelin əvvəlinə bərpa etməyi planlaşdırır. Buna görə də, Azərbaycanın bütün strukturları ilə intensiv danışıqlar apararaq bütün vətəndaşlarımızın Vətənə qayıtmağını təmin etməyə çalışırıq”, - deyə o, sözlərinə əlavə edib.
Diplomat qeyd edib ki, hazırda Macarıstanda 1000 azərbaycanlı tələbə təhsil alır:
“Tələbələrimizin bir çoxu səfirliyə müraciət edərək, Azərbaycana qayıtmaq və orada təhsillərini distans olaraq davam etmələrini istəyirlər. Onların ölkəyə necə qayıtmalarını düşünməliyik. Bəlkə də, İstanbuldan Bakıya təşkil edilmiş reysi kimi, çarter reys təşkil etmək vasitəsilə bunu təmin etmək olar.
Təkrar edirəm: biz Azərbaycan XİN-lə sıx əlaqədəyik və bütün müvafiq qurumlarımız vasitəsilə bütün imkanlardan istifadə edirik”, - deyə o, qeyd edib.
Macarıstanda koronavirusa yoluxanlarla bağlı məsələyə toxunan səfir qeyd edib ki, rəsmi məlumatlara görə, ölkədə 32 yoluxma halı qeydə alınıb. Macarıstanda koronavirusdan ilk ölüm halı martın 15-də Budapeşt xəstəxanasında olub. Macarıstan Avstriya və Sloveniya ilə sərhədlərini bağlayıb, eləcə də məktəblər bağlanıb, kütləvi tədbirlər təxirə salınıb.
Tərcümə: S.Xankişiyeva