Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir?

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib və digər bir sərəncamla onun yerinə Əhməd Məhəmməd oğlu İsmayılov təyin edilib.
1news.az qaynarinfo-ya istinadən xəbər verir ki, Əhməd İsmayılov bundan əvvəl Dövlət Dəniz Administrasiyası aparatının rəhbəri vəzifəsində çalışıb və qısa müddət öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsinə təyinat alıb.
Yeni vəzifədə Vüqar Səfərlini əvəzləyən Ə.İsmayılov 1980-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.
2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.
Ailəlidir.
1news.az
1304