“Qızla görüşə gedirəm, burax gedim...” – SMS-xuliqanları tapılaraq cəzalandırılacaq – VİDEO

Məlum olduğu kimi, aprelin 5-dən etibarən Azərbaycanda karantin rejimi sərtləşdirilib və buna əsasən, evdən çıxmaq üçün vətəndaşlar SMS vasitəsilə müvafiq icazə almalıdırlar.
Bununla bağlı “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vətəndaşların suallarını cavablandırır.
1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, belə ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 556762 icazə qeydiyyata alınıb.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
Bəzi “SMS-lərin” müəllifləri olan zarafatçıllar etiraz olaraq sistemi “çökdürməyə” çalışıblar. Bunu daha sonra sosial şəbəkədə həmin “SMS-in” skrini paylaşaraq “layk” toplasılar deyə, həmin “qəhrəman zarafatçılardan” bəziləri sadəcə “yersiz yumor” hissləri ilə göstəriblər.




Lakin onların “yersiz zarafatlarına” baxmayaraq sistem çökməyib. Sadəcə ciddi bir səbəblə evdən çıxması lazım olanların çoxu bir neçə dəqiqə gözləməli olublar (adətən cavab bir dəqiqə ərzində gəlir).
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, adətən SMS vasitəsilə vətəndaşların müraciətlərinə cavab 1-2 dəqiqə ərzində gəlir.
“Bununla bərabər, məsuliyyətsiz vətəndaşların göndərdiyi qeyri-ciddi mesajlar səbəbindən digər vətəndaşlar üçün SMS-lər bir qədər gecikib”.
Onun sözlərinə görə, bu cür hərəkətlər rejimin pozulması kimi qiymətləndiriləcək və bu insanlara qarşı müvafiq tədbirlər görüləcək, onlar ciddi cəzalandırılacaqlar.
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
S.Xankişiyeva