“Qürbətdə olsaq da, daim yanımızda olduğunuzu hiss etdirdiniz” – Prezidentə məktub

Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
Prezidentin saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edirik.
Saatlı sakini Zeynal Əzizov dövlət başçısına məktubunda ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirib (https://president.az/articles/36416):
“Möhtərəm cənab Prezident. Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk”.
Zaqatala sakini Fizzə Mahmudova məktubunda ölkəmizə İlham Əliyev kimi müdrik, uzaqgörən siyasi xadimin rəhbərlik etməsindən duyduğu sevinci dilə gətirərək, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyü işlərə görə Zaqatala gəncləri adından dövlət başçısına təşəkkür edib (https://president.az/articles/36407):
“Hörmətli cənab Prezident. Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.
Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Zaqatala gəncləri adından Sizə təşəkkür edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun”.
Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Bakı sakini Elşad Əliyev koronavirus pandemiyası ilə bağlı mübarizədə görülən işləri onun qətiyyətli addımlarının nəticəsi olduğunu deyib (https://president.az/articles/36399):
“Cənab Prezident. Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tapşırığınıza əsasən tibbi maska istehsalı avadanlığı və xammal qısa müddətdə Azərbaycana gətirildi. Dezinfeksiya vasitələrinin də istehsalına başlanılması, bu işlərin qısa müddətdə ərsəyə gəlməsi Sizin qətiyyətli addımlarınızın nəticəsidir.
Gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi qorusun. Özünüzü qoruyun, cənab Prezident. Siz Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının yanındasınız. Sizinlə qürur duyuruq”.
Gəncə sakini Kəmalə İsmayılova Prezidentə məktubunda bu böhrandan minimum ziyanla çıxacağımıza inandığını bildirib (https://president.az/articles/36408):
“Möhtərəm cənab Prezident. Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz. Siz həmişə bizi, xalqımızı düşünürsünüz.
Çox hörmətli Prezident, inanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin qayğınız və səyləriniz nəticəsində Azərbaycanımız bu böhrandan minimum ziyanla çıxacaq. Bu gün biz Sizin “Biz birlikdə güclüyük!” şüarınıza qoşularaq həmişə Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə əminliyimizi bildiririk. Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun, daim var olun. Azərbaycanımızın daha da inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar diləyirik”.
Bakı sakini Aydın Kazımzadə “Siz gündəlik çoxşaxəli fəaliyyətinizlə kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz” deyərək dövlət başçısına təşəkkür edib (https://president.az/articles/36394):
“Möhtərəm cənab Prezident. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz gündəlik çoxşaxəli fəaliyyətinizlə kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.
Cənab Prezident, inanıram ki, görülən bu işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına dünyada tüğyan edən pandemiyanın ölkəmizdə daha geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını bir daha birliyə və həmrəyliyə dəvət edirəm. Biz birlikdə güclüyük!”
Marina Abdurahmanova isə Prezident İlham Əliyevaya qardaş ölkə olan Türkiyənin Kırıkkale şəhərindən yazıb. O, məktubunda dövlət başçısının qayğısını daim hiss etdiklərini söyləməklə yanaşı, bunun qürurverici bir hiss olduğunu vurğulayıb (https://president.az/articles/36392):
“Hörmətli cənab Prezident. Mən Türkiyənin Kırıkkale şəhərində yerləşən universitetlərdən birinin tələbəsiyəm. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi bizə həm maddi, həm də mənəvi kömək oldu. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Belə çətin günlərdə bu qayğınız bizi çox sevindirdi. Qürbətdə olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirdiniz. Çox qürurverici bir hissdir. Türkiyədə olan bütün tələbələrin adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, əziz Prezidentimiz!
Əminik ki, birgə səylər nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz bu çətin günləri minimum itki ilə başa vuracaq. Sizə sağlam həyat arzu edirəm”.
Bakı sakini Elçin Əlibəyli Prezidentə xitab edərək məhz onun yorulmaz fəaliyyəti, bu məsələ ilə bağlı iradəsinin xalqımızı bəladan qorumağa imkan verdiyini söyləyib (https://president.az/articles/36388):
“Hörmətli cənab Prezident. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. Belə görünür ki, bu ağır sınaqdan çox az sayda dövlət üzüağ çıxacaq. İnanırıq ki, onlardan biri də Azərbaycan olacaqdır. Məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bəladan qorumağa imkan verir. Qısa zamanda bütün qurumları səfərbər edərək qabaqlayıcı tədbirlər görməyiniz, iştirakınızla yeni tibb ocağının və qoruyucu vasitələr üçün istehsal müəssisəsinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevdiyinizi, ona vicdanla xidmət etdiyinizi göstərir. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu bəladan maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Bu fəaliyyətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Qürur duyuram ki, bu ölkənin vətəndaşıyam və Siz bizim Prezidentimizsiniz. Tanrıdan Sizə və vətəndaşlara bir ana kimi can yandıran, bütün diqqətini bu işə ayıran hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram.
Məhz Sizin rəhbərliyinizlə ölkəmizi, xalqımızı qarşıda xoş günlər gözləyir”.
Masallı sakinləri Xatirə Həmidova, Şair Qurbanov, Mahir Qurbanov və Məlahət İbadova da koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər (https://president.az/articles/36389):
“Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən və sarsıdan, misli görünməmiş COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə aparan ölkələrdən birində yaşadığımız üçün çox xoşbəxtik. Buna görə Sizə, eləcə də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı və dəstəyimizi bildiririk.
Şübhəsiz ki, pandemiya ilə mübarizədə uğura aparan yolda Sizin bu günlərdə böyük humanistlik göstərərək bu virusa həddindən artıq həssas olan və yaşları 65-dən yuxarı 176 məhbusu əfv etməyiniz ölkəmizdə yoluxma hallarının azalması və xalqımızın sağlamlığı istiqamətində gördüyünüz səmərəli tədbirlərdən biridir. Qardaşımın da əfv edilən məhkumlar arasında olması bizi xüsusən sevindirdi.
Cənab Prezident, Qurbanovlar ailəsi adından Sizə sonsuz təşəkkürlərimizi bildirir, möhkəm cansağlığı, bütün işlərinizdə, xüsusən də indiki çətin dövrdə xalqımızın sağlamlığı və rifahı uğrunda apardığınız mübarizədə uğurlar arzulayırıq”.
1news.az