ASAN Xidmətin icazə sisteminə maraq artır: Rusiya, Belarus, BƏƏ...

ASAN Xidmətin xüsusi karantin rejimində insanların hərəkətini idarə etmək üçün yaradılmış icazə sistemi (https://icaze.e-gov.az/ portalı) artıq bir sıra ölkələrin marağına səbəb olub.
1news.az-ın məlumatına görə, onlar bu sistemi tətbiq etmək istəyirlər. Bunların sırasında Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri də var. Bu isə təbii qarşılanmalıdır. Çünki qısa müddətdə istifadəyə verilməsinə baxmayaraq sistem özünü tam doğruldub. İstifadə qaydası isə olduqca sadə və anlaşılandır.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimində vətəndaşların hərəkəti “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” vasitəsilə tənzimlənir.
Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərə bilərlər. Bəzi dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarına isə xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir (ətraflı burada).
Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün “İcazələr” bölməsində sətrlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən “PDF” düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının yoxlamaları zamanı aşkarlanan və icazələr sisteminin tələblərinə əməl etməyən şəxslər hüquqi məsuliyyət daşıyırlar.
Karantin rejiminin qaydalarına zidd olan 65 min icazə ləğv edilib
Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov bildirib ki, bu günə kimi icazə sisteminə 46 360-dan çox təşkilat tərəfindən 755 min icazə daxil edilib, aktiv icazə sayı isə 680 min təşkil edir.
Mərkəz rəhbəri sonradan aparılmış yoxlamalar zamanı karantin rejiminin qaydalarına zidd olan 65 min icazənin ləğv edildiyini də bildirib.
8,2 milyon SMS-in 64 faizi müsbət cavablandırılıb
Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.
F.Cəfərov bu günə kimi, icazə sisteminə 8,2 milyon SMS göndərildiyini və bunların 64 faizinə müsbət cavab verildiyini də diqqətə çatdırıb. Aidiyyatı üzrə olmayan, yanlış formatda olan SMS-lər isə cavablandırılmayıb. O, bunu ilk günlərdə vətəndaşların icazə sistemi ilə kifayət qədər məlumatlı olmaması və digər səbəblərlə əlaqələndirib.
Müraciətlərin yarısı paytaxtın payına düşür
F.Cəfərov müraciətlərin böyük əksəriyyətinin qısa müddətdə cavablandırılmasını isə xüsusi vurğulayıb:
“İlk gündə vətəndaşlar tərəfindən 800 minə yaxın SMS göndərilmişdi. Bu müraciətlərin 91 faizi bir dəqiqə, 97 faizi isə iki dəqiqə ərzində cavablandırılıb ki, bu da kifayət qədər böyük rəqəmdir.
Sonradan müraciətlərin sayı hətta 1,1 milyona qədər qalxsa da, sonra yenidən azalma oldu. Dünən 880 minə yaxın SMS göndərilib ki, onların da 80 faizi (710 min) müsbət cavablandırılıb”.
Mərkəz rəhbəri müraciətlərin təxminən yarısının paytaxt Bakının payına düşdüyünü də əlavə edib.
B.Cahandarov