Azərbaycan məktəblilərinin işləri NASA-ya göndəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məktəblilərinin işləri NASA-ya göndəriləcək

19:51 - 13 / 04 / 2020
Azərbaycan məktəblilərinin işləri NASA-ya göndəriləcək

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən gələcək kosmik missiyalara diqqəti cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq üçün 2015-ci ildən etibarən beynəlxalq miqyasda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, aprel ayının 12-də NASA, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə Azərbaycan məktəbliləri arasında keçirilən “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub.

"Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə orta məktəblərin V-XI sinif şagirdləri iştirak ediblər.

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub. Azərbaycanda keçirilən müsabiqəyə 50 esse göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.

Qiymətləndirmə prosesi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru və Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasının dosenti Firuzə Sultan-zadə, RUGİM-in “İnnovasiya layihələr” bölməsinin müdiri Bahar Əhmədova, Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universiteti “Astrofizika” kafedrasının dosenti Kəmalə Alışova, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri Ədalət Ətai və dosenti Mirnamiq Bəşirov tərəfindən aparılıb.

Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib.

56 balla I yerın sahibi - V. Sadıqov adına 214 saylı məktəbin 11-ci sinif şagirdi İbrahimov Elvin Elçin oğlu, 51 balla II yerin sahibi - Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əsgərova Aytac Samir qızı və 46 balla III yerin - sahibi isə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məmmədzadə Sevil Emin qızı qalib olub.

I yeri qazanan esse növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək. Dünya üzrə və həmçinin Azərbaycandan olan qaliblər NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya video-konfranslarda iştirak etmək şansı qazanıb.

S.Xankişiyeva

 

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər