Deputat: Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə mühüm uğurlar əldə etdi

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev cari ilin ilk üç ayında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində meydana çıxan reallıqlardan danışdı. Məlum oldu ki, bütün çətinliklərə, koronavirus pandemiyasının gətirdiyi təhlükələrə baxmayaraq, Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə həm iqtisadi fəallıq, həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm uğurlar əldə etdi.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların sağlamlığının vacibliyini xüsusi vurğulayaraq bildirdi ki, əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaqdır. Açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Dövlətimizin başçısı onun seçiminin birmənalı şəkildə insanların sağlamlığı olduğunu vurğuladı. Bu mövqe Azərbaycan vətəndaşlarının sağlamlığının daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmasından xəbər verməklə, sosial siyasətin də əsaslarını təşkil edir. Hazırkı mürəkkəb vəziyyətdə dövlətimizin həyata keçirdiyi sosial siyasət sayəsində həm vətəndaşlarımızın sağlamlığının qorunması təmin edilir, həm də onların sosial ehtiyacları qarşılanır. Bu mənada, Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran bir ölkədir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda koronovirus pandemiyasına qarşı Azərbaycan səmərəli mübarizə aparan ölkələr sırasındadır. Müşavirədə qeyd edildi ki, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat həcmindədir. Bu, olduqca böyük məbləğdir və kifayət qədər səmərəli nəticələr əldə etməyimizə səbəb olacaq.
“Digər istiqamətlər üzrə əlavə maliyyə mənbələri nəzərdə tutulur ki, bunlar da tibbi avadanlıqların və digər tibbi vasitələrin təmin olunmasına xidmət edəcək. Başqa bir istiqamət isə sosial təminatı zəif olan vətəndaşlarımıza birdəfəlik yardımların ödənilməsidir ki, bu da bu ilin birinci rübündə bütün sosial ödənişlər üzrə 2,3 milyon vətəndaşımıza 1,5 milyard manat məbləğində sosial ödənişlərin həyata keçirilməsidir. Bundan əlavə, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, müvafiq sosial təbəqəyə mənsub olan vətəndaşlarımızın təhsil haqlarının dövlət tərəfindən qarşılanması haqqında qərarlar qəbul edilib ki, bütün bunlar vətəndaşlarımızın yaranmış vəziyyətdə maksimum sosial müdafiələrinin təmin edilməsinə hesablanıb”, - deyə H.Babaoğlu bildirib.
Deputat qeyd edib ki, müşavirədə mövcud məhdud şərtlərdə iqtisadi inkişafımızın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də xüsusi tövsiyələr və göstərişlər verildi. Bunlardan biri də ərzaq təhlükəsizliyimizi təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində idi ki, Prezident elə müşavirədə bu problemin həlli ilə müvafiq maliyyə mənbəyini göstərməklə xüsusi tapşırıqlar verdi. Azərbaycan Prezidenti qeyd etdi ki, 2020 –ci il də sosial, siyasi islahatlar ili olacaq. Hər kəsə bəllidir ki, bu günə qədər həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir, bu da islahatların davamlılığını zəruri edir. Ona görə cari ildə də islahatlar tendensiyanın davam etdiriləcəyinin şahidi olacağıq.
Müşavirədə Prezidentin toxunduğu ən mühüm məsələlərdən biri də belə mürəkkəb şəraitdə koronovirus pandemiyasından sui-istifadə etmək istəyən marginal radikal qrupların antimilli fəaliyyətlərinin ifşası ilə bağlı oldu. Haqlı olaraq belə radikal qruplaşmaların hakimiyyətə deyil, dövlətimizə və xalqımıza qarşı müxalifətdə olduqlarını bildirdi. Doğrudan da dünyanın heç bir yerində öz xalqının ən çətin vaxtlarında belə onun maraqlarına zərbə vuracaq müxalifət yoxdur. Bunu edənlər xalqın düşmənləridir. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək öz Prezidenti ilə birgə hərəkət etməklə bütün dünyanı təhdid edən koronavirus təhlükəsinin, eləcə də onun gətirdiyi iqtisadi və maddi çətinliklərin öhdəsindən layiqincə gəlməyi bacaracaq.
1news.az