UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNICEF birgə təşəbbüsü ilə valideynlik üzrə www.ilk5il.az təhsil portalı və valideynlər üçün ilk5il mobil telefon tətbiqi onlayn rejimdə istifadəyə verildi.
UNİCEF-dən verilən məlumata görə, hər iki platforma uşaqların erkən inkişafını dəstəkləmək məqsədilə valideynlərin bilik və bacarıqlarını artıracaq.
İOS və Android sistemlərində istifadə oluna biləcək mobil telefon tətbiqi, UNICEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən, 2020-ci ilin əvvəlində hazırlanıb. Onun hazırlanmasında məqsəd, 0-5 yaş arasında uşaqların valideynləri üçün uşaq sağlamlığı, qidalanma, erkən yaş dövründə təhsil və uşağın rifahı haqqında məlumatları bir mənbədən təmin etməkdir.
“COVİD-19 ilə bağlı cari karantin tədbirlərinə riayət edən ailələrin sayı artdıqca, məlumatlara çıxış və rəqəmsal kanallar vasitəsilə təlimatlanma getdikcə daha da vacib olur”, - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib: “Biz əminik ki, yeni vebsayt və mobil tətbiq valideynlərə, azyaşlı övladlarının bütün günü evdə olduğu zaman, onların fəal, öyrənən və sağlam olması üçün praktiki dəstək olacaq”.
Qeyd edək ki, valideynlik portalı UNICEF-in, onun hökumət və qeyri-hökumət sektorlarında tərəfdaşlarının danışmaq, mahnı oxumaq və oxu kimi məşğuliyyətlərin, uşaqlara erkən fiziki və zehni inkişafda necə kömək etdiyinə dair faydalı bələdçi təlimatların təqdim olunması üzrə Azərbaycanda daha genişmiqyaslı səylərinin bir hissəsidir.
“Fikrimiz hər bir uşağa onun sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq kömək etməkdir. Biz valideynlərin ən yaxşı tərbiyəçi olduğuna inanırıq və onların iştirakı, yüksək keyfiyyətli təhsilə və fərdi inkişafa nail olmaq üçün həlledicidir. UNICEF-lə bu baxışı paylaşaraq, biz birlikdə bu arzunun gerçəkləşdirməyə çalışırıq. Biz çox sadə bir həll təklif edirik – ev şəraitində uşaqlarla oyunu təşviq edirik. Uşaqlarla daha çox oyun, hər kəs üçün daha yaxşı gələcək deməkdir”, - deyə Təhsil İnstitutunun Direktoru Emin Əmrullayev bildirib.
Mobil tətbiq uşaqlarla oxumağın vacibliyi, oyunlar vasitəsilə təhsil və erkən dövrlərdə uşağın ev şəraitində inkişafını təkmilləşdirə biləcək digər amillər haqqında valideynləri anlaşılan məlumatlarla təmin edir. Mobil tətbiq, həmçinin ailələrə və uşaqlara, azyaşlı uşaqlar üçün oyun ideyaları və hekayələr daxil olmaqla, çoxsaylı praktiki tövsiyələr təklif edir.
UNICEF məktəbəqədər təhsilin olmadığı kənd yerlərində və ucqar ərazilərdə, 3-4 yaşlı uşaqlar üçün, uğurlu İcma əsaslı Erkən Təhsil Mərkəzi modelinin qurulması məqsədilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyini və Təhsil İnstitutunu dəstəkləyib. Avropa İttifaqı və UNICEF-in maliyyə dəstəyi ilə model sonradan 320 mərkəz sayına qədər artırılıb və 2020-ci il boyunca, 6.200-dən çox uşaq yaşadıqları icmalarda model vasitəsilə erkən təhsil imkanları ilə təmin olunub.
1news.az