Prezidentin köməkçisi: “Karantin rejiminin uzadılması ilə bağlı zəruri qərarlar qəbul ediləcək”

Hazırda ölkəmizdəki sanitar-epidemioloji vəziyyət kompleks şəkildə nəzərdən keçirilir.
1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər. Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib”.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi odur ki, karantin rejimindən çıxma tələskən xarakter daşımamalıdır” deyən H.Hacıyevin sözlərinə görə, ÜST tərəfindən koronavirusun yoluxması 3 - xaricdən idxal, icma halında və daxili yoluxma kateqoriyasına ayrılıb:
“Azərbaycanda əvvəl xaricdən idxal, daha sonra icma və sonda daxili yoluxma baş verib. Ona görə də qonşu dövlətlərlə anlaşma və məsləhətləşmə ilə Azərbaycanın quru sərhədləri bağlanıb və beynəlxalq uçuşlar dayandırılıb. Xaricdən idxal olunma köklü şəkildə azalıb, bu da daxili yayılma hallarının təftiş olunma imkanlarını artırıb.
Xaricdən gələnlər 14-21 və ya 21-28 gün xüsusi karantin rejimində qalıblar. Qonşu dövlətlərlə də sıx əməkdaşlıq edilir ki, xaricdən gələn hansısa şəxsin pozitiv nəticəsi varsa, onun həmin ölkədəki təmasda olduğu şəxslər və yerlər müəyyən olunsun. Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələn vətəndaşlardır”.
1news.az