200 min işsizə birdəfəlik ödəmə verilib - RƏSMİ - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

200 min işsizə birdəfəlik ödəmə verilib - RƏSMİ - YENİLƏNİB

14:56 - 18 / 04 / 2020
200 min işsizə birdəfəlik ödəmə verilib - RƏSMİ - YENİLƏNİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 35 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. İşsiz kimi qeydiyyata alınan şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər. Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

***

Saat13:35

Ümumilikdə, 9-18 aprel tarixində 165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmənin verilməsi işləri davam edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-18 apreldə 165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Ödənişlər gündəlik əsasda davam edir.

Qafar Ağayev

 

Paylaş:
929

Son xəbərlər

Bütün xəbərlər