Şagirdləri üçün darıxan siyəzənli müəllim onlara bənzəyən kuklalar toxuyub – FOTO

Siyəzən şəhər 6 nömrəli tam orta məktəb-liseyin gənc müəllimi Siyarə Ağayeva şagirdləri üçün darıxdığından onlara bənzəyən kuklalar toxuyub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Bakı Dövlət Universitetinin məzunu olan Siyarə Ağayeva üç ildir rus bölməsində biologiya fənnini tədris edir.
Koronavirusla əlaqədar təhsil müəssisələrində tədris dayandırıldığından gənc müəllim sevimli şagirdləri üçün çox darıxdığını söyləyir.
“Hazırda şagirdlərimlə onlayn dərslərdə görüşürük. Onlar da məktəb üçün darıxırlar. Şagirdlərimi bu çətin günlərdə pozitiv əhvala kökləmək üçün belə bir addım atdım. Dərs dediyim siniflər arasında ən balacaları altıncı sinifdə oxuyanlardır. Buna görə də oyuncaqları məhz onlar üçün toxumuşam. Əl işlərini hazırlayanda çalışmışam ki, hər bir şagirdin özünəməxsus xüsusiyyəti kuklada öz əksini tapsın”, -deyə gənc müəllim söyləyir.
Siyarə Ağayeva bildirir ki, 12 yaşından toxumağı bacarır. Onların ailəsi üçün ənənəvi olan bu işi anasından və nənəsindən öyrənib. Xüsusi karantin dövrü bitdikdən sonra sevimli şagirdlərinə bənzərləri olan kuklaları hədiyyə edəcək.
1news.az