DİN icaze.e-gov.az portalına daxil edilmiş şəxslərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət edib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər.
Lakin son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir. Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.
Eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir.
“İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən çıxmaq üçün digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər”.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
E.Zahidovun sözlərinə görə, həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib, istirahət günü onlar da digər şəxslərlə eyni hüquqa malik olurlar.
O bildirib ki, həftənin bütün günü işləyən şəxslər, o cümlədən jurnalistlər polislər tərəfindən nəzərə alınacaq.
Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.
S.Xankişiyeva