Koronavirusun daşınmaz əmlak bazarına təsirləri – Qiymətlər ucuzlaşacaq, ya bahalaşacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusun daşınmaz əmlak bazarına təsirləri – Qiymətlər ucuzlaşacaq, ya bahalaşacaq?

12:20 - 23 / 04 / 2020
Koronavirusun daşınmaz əmlak bazarına təsirləri – Qiymətlər ucuzlaşacaq, ya bahalaşacaq?

Çinin Uhan şəhərində başlayan yeni növ koronavirus epidemiyası bütün dünya iqtisadiyyatına ciddi şəkildə təsir edib.

Azərbaycan da dünyanın tərkib hissəsi olduğu üçün koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Bütün dünyada olduğu kimi koronavirusun qarşısını almaq üçün ölkəmizdə də qabaqlayıcı tədbirlər görülüb. Martın 23-dən xüsusi karantin rejimi elan edilib, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyəti tətbiq edilib. Bununla da insanların xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Bundan başqa evdən çıxmaq istəyənlər 2 və ya 5 saatlıq icazə almalıdırlar. 

Bəs görəsən koronavirus Azərbaycanda daşınmaz əmlak bazarına necə təsir edib?

Məsələ ilə bağlı 1news.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi.

“Daşınmaz əmlak bazarı da iqtisadiyyatın tərkib hissəsi olaraq ən çox ziyan çəkən sahələrdən biridir. Xüsusilə nəzərə alsaq ki, koronavirusun ən böyük təsirləri daha çox makro-iqtisadi aktivliyin azalması ilə bağlı oldu. Dövlətlərarası ticarət əlaqələrinin məhdudlaşması, gediş-gəliş imkanlarının məhdudlaşması, eyni zamanda ölkə daxilində qəbul olunan müəyyən inzibati qərarlar bu prosesə bir qədər də öz mənfi təsiri ilə yadda qaldı. Prosesin gedişi hələ ki, onu deməyə əsas verir ki, daşınmaz əmlak bazarında demək olar ki, bütün əməliyyatlar məhdudlaşmaya doğru gedir. Yəni bəzi əməliyyatları istisna etməklə demək olar ki, bütün alqı-satqı əməliyyatları dayanıb”.

Ekspert bildirib ki, qiymətlərlə bağlı artıq azalma meylləri müşahidə olunmaqdadır.

“Prosesin nə qədər davam edəcəyi hələ ki, məlum deyil. Amma ilkin müzakilərə və müşahidələr onu deməyə imkan verir ki, daşınmaz əmlak bazarı ən azından bu ilin sonuna qədər böhran vəziyyətindən çıxa bilməyəcək. Daşınmaz əmlak bazarında dinamik dəyişiklik ən yaxşı halda növbəti ildən müşahidə oluna bilər. Yəni ilkin müşahidələr bundan ibarətdir.

Qiymətlərlə bağlı hələlik konkret faizləri səsləndirmək çətindir. Çünki proses yeni başlayıb,ekspozisiya müddətləri böyük olduğuna görə daşınmaz əmlak bazarında qiymət dəyişmələrini müşahidə etmək üçün 1-2 ay vaxt lazımdır. İlkin müşahidələr göstərir ki, artıq daşınmaz əmlak bazarında azalma meylləri var, kommersiya obyektlərinin, mənzillərin, digər sənaye təyinatlı obyektlərin qiymətləri azalıb. Yəqin ki, qarşıdakı günlərdə fərdi yaşayış evi və torpaqların qiymətində də azalma müşahidə olunacaq”.

Qafar Ağayev

Paylaş:
1059

Son xəbərlər

Bütün xəbərlər