Milli Onkologiya Mərkəzi MDB və Avrasiya onkoloq və radioloqlarının onlayn keçirilən XI qurultayında iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Onkologiya Mərkəzi MDB və Avrasiya onkoloq və radioloqlarının onlayn keçirilən XI qurultayında iştirak edir

12:52 - 24 / 04 / 2020
Milli Onkologiya Mərkəzi MDB və Avrasiya onkoloq və radioloqlarının onlayn keçirilən XI qurultayında iştirak edir

Aprelin 23-də MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının təşkilatçılığı ilə onkoloqlar və radioloqların videobağlantı formatında XI qurultayı öz işinə başlayıb.

Açılış mərasimində Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko  Rusiya  prezidenti Vladimir Putinin qurultay  iştirakçılarına təbrik məktubunu  oxunub. 

İlk dəfə olaraq onlayn rejimdə keçirilən qurultay bu sahələrin alim və mütəxəssislərinin təcrübə mübadiləsi üçün əsl müzakirə meydanı olmuşdur. Qurultayın gedişini 10 ölkədən 7000-dən artıq iştirakçı izləyib.

Qurultayın plenar iclasında nümayəndələr təmsil etdikləri ölkələrdə onkologiya və rentgenoradiologiya sahəsində görülən işlərdən, qabaqcıl təcrübədən, qarşıya çıxan problemlərdən ətraflı şəkildə bəhs ediblər. Qurultayın ilk iş günündə müxtəlif ölkələrin mütəxəssislərinin təqdim etdikləri məruzələr  dinlənilmişdir. Bu məruzələr arasında Azərbaycanda onkoloji xidmətin təşkili və uğurlarından bəhs edən hesabat böyük maraqla qarşılanıb.

Azərbaycan onkoloqlarının qurultay iştirakçılarına süd vəzi xəstəlikləri, urologiya, proktologiya, baş- boyun  və digər onkoloji cərrahiyyə sahələri üzrə 10-a yaxın məruzəsi, 30-dan artıq tezisi  təqdim olunacaq. Qurultaya böyük mütəxəssis qrupu ilə qatılan Milli Onkologiya Mərkəzi dünyada gedən onkoloji araşdırmaların aktual problemləri, koronavirus pandemiyası dövründə onkoloji xəstələrin müalicə və müayinəsi ilə bağlı tövsiyə və mülahizələrini   plenar iclaslarda müzakirələrə çıxarmağı planlaşdırır.

Qurultayda dünya şöhrətli cərrah-onkoloq, uzun illər Rusiya Elmi Onkoloji Mərkəzinə rəhbərlik etmiş akademik Nikolay Trapeznikov adına yeni medalın təsis edilməsi haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, Assosiasiyanın Rəyasət Heyətinin qərarı ilə bu medalla dünyada  onkoloji xəstəliklərin profilaktikası, müalicəsi və elmi araşdırmaları sahəsində yüksək nailiyyətlər qazanmış alim və mütəxəssislər təltif ediləcəklər.

Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko qurultay iştirakçılarına bildirmişdir ki, akademik Nikolay Trapeznikov adına yeni medalın yekdilliklə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevə verilməsi qərara alınmışdır. Qurultay iştirakçıları bu qərarı alqışlarla qarşılayıblar.

Akademik C.Əliyev onun fəaliyyətinə verilən yüksək qiymət üçün M.Muraşkoya, Assosiasiyanın rəhbərliyinə, həmçinin bütün qurultay iştirakçılarına öz dərin minnətdarlığını bildirib.

Qurultay aprelin 25-nə qədər davam edəcək.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər