“ASAN xidmət”ə növbə götürmədən getməyin - XƏBƏRDARLIQ

Aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.
1news.az-ın məlumatına görə, bunu aprelin 25-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Məlumat verilib ki, növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər (mobil tətbiqə dair videotəlimatla burada tanış ola bilərsiniz).
Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulunun həyata keçirilməyəcəyini deyən Ü.Mehdiyevin sözlərinə görə, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək:
“Vətəndaşları qəbul edəcək mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq”.
Vurğulanıb ki, vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlar yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürsünlər və sonra SMS müraciət sistemindən yararlansınlar.
Sonda Ülvi Mehdiyev sualları cavablandırıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qisminin 27 aprel 2020-ci il tarixindən yumşaldılması nəzərdə tutulur.
1news.az