İşıqlı bir gələcək üçün #GelBirolaq multimedia platforması təqdim olundu

Azərbaycanda media sahəsi üzrə təhsil alan tələbələr və gənc jurnalistlər üçün koronavirus böhranı zamanı professional biliklərini və ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə #GelBirOlaq (www.gelbirolaq.com) multimedia platforması istifadəyə verilib.
1news.az-ın verdiyi xəbərə görə, multimedia platforması jurnalistika və onunla əlaqəli digər ixtisaslarda təhsil alan tələbələr, gənc jurnalistlər, həmçinin, ingilis dilində məqalələr yaza bilən hər kəsə açıqdır.
Təşəbbüsə beynəlxalq multimedia mütəxəssisi və təlimçisi Dan Meyson rəhbərlik edir. Layihənin məqsədi problem və onun həllinə yönəlmiş məqalələr əsasında Azərbaycanda ingilis dilli jurnalistikanın inkişafına dəstək olmaqdır. “Medianın hazırkı böhranda həm faktları əks etdirməsində, həm də dövlət, vətəndaş və müxtəlif təşkilatların koronavirus problemini aradan qaldırmaq üçün birgə çalışdıqlarını göstərməkdə çox vacib rolu var” - deyə D.Meyson bildirib.
"Çətin bir dövrdən keçirik. Hər kəs öz sahəsi üzrə bacardığı dəstəyi göstərməyə çalışır. Azərbaycan dövləti bu istiqamətdə çox düzgün və operativ tədbirlər həyata keçirməkdədir. Biz - media nümayəndələrinin üzərinə də insanları informasiya ilə təmin etmək düşür” - deyə beynəlxalq media mütəxəssisi D.Mason bildirib.
O, media nümayəndələrini mövcud multimedia üsullarından daha çox istifadə etməyə, rəqəmsal dünyanın imkanlarından maksimum yararlanmağa səsləyib və bu platformanın hər kəsə üçün açıq olduğunu bildirib."Bu tələbələr və gənc jurnalistlərin diqqətini pozitiv hekayələrə yönəltmək, ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək və peşəkar təcrübə qazanmaqları üçün bir fürsətdir” - deyə o qeyd edib.
www.gelbirolaq.com vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar məlumatları vahid platforma üzərindən paylaşmaq və aparılan sosial kampaniyalara dəstək göstərilməsi də nəzərdə tutulub
Təqdim olunan materiallar yazılı, video və ya audio formatda ola bilər və bütün işlər mövcud qaydalara riayət etməklə evdən hazırlana bilər. Multimedia platformasında koronavirus şəraitində sosial çağırışlar, təhsil, səhiyyə, idman, əyləncə, qidalanma və s. istiqamətlərdə məlumatların yayımı planlaşdırılır.
Seçim turundan uğurla keçən məqalələr, qeyri-kommersiya məqsədli www.gelbirolaq.com platformasında Azərbaycan və İngilis dillərində yayımlanacaq. Məlumat üçün qeyd edək ki, ADBTİA-nın ingilis dilli İdman Jurnalistikası Magistr proqramı tələbələrinin hazırladıqları materiallar artıq saytda öz əksini tapıb.
Layihənin həmtəsisçisi Ellada Mustafayeva isə qeyd edib ki, işıqlı gələcəyi düşünən, bir-birini dəstəkləyən, istənilən vəziyyətdə və şəraitdə özünü inkişaf etdirmək istəyən hər kəsə bu layihəyə qoşula bilər: "Həqiqətən də biz birlikdə güclüyük. Məhz bu səbəbdən də gəlin bir olaq” - deyə o, bildirib.
S.Xankişiyeva