Ali məktəblərə sənəd qəbulu bu tarixdən başlayacaq – Məleykə Abbaszadə açıqladı

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı ali məktəblərə imtahanın keçiriləcəyi vaxtla bağlı məlumat verib.
1news.az-ın xəbərinə görə, DİM sədri bildirib ki, Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq. Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi planlaşdırılır.
“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq”.
M.Abbaszadə bildirib ki, I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər
“Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.
Qafar Ağayev