Birinci beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn B2B forumu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn B2B forumu keçirilib

13:26 - 09 / 05 / 2020
Birinci beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn B2B forumu keçirilib

Caspian European Club-un dəstəyilə təşkil olunmuş birinci  beynəlxalq “Azerbaijan-Georgia-Kazakhstan” onlayn B2B forumu çərçivəsində üç ölkənin şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin postpandemiya dövründə əməkdaşlığın fəallaşması imkanları öyrənilib. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

Üç saat davam edən birinci beynəlxalq "Azerbaijan-Georgia-Kazakhstan” onlayn B2B forumu çərçivəsində müzakirələrə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov, Gürcüstanın Gömrük Departamentinin rəhbərinin birinci müavini Kaxaber Baramiya, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov, Azərbaycan Respublikası Səfirliyinin Almatı şəhərindəki konsulu Ramil Rzayev, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Tlek Kapışev,  Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze, üç ölkənin beynəlxalq ticarət limanlarının nümayəndələri, üç ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar. 

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar ünvanlayıblar. Caspian European Club-un dəstəyilə hər ay ikitərəfli “Azərbaycan-Gürcüstan”, “Qazaxıstan-Azərbaycan” və “Gürcüstan-Qazaxıstan” formatlarında müzakirələri davam etdirmək qərarı qəbul edilib. 

Tədbirin sponsoru qismində Karat Holding şirkəti çıxış edib. 

Beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün Caspian European Club tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər