Bakıda polis postlarının sayı azaldılıb? - Nazirlikdən rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis postlarının sayı azaldılıb? - Nazirlikdən rəsmi açıqlama

14:01 - 12 / 05 / 2020
Bakıda polis postlarının sayı azaldılıb? - Nazirlikdən rəsmi açıqlama

Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb. 

1news.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. 

"Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur". 

"Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər" - deyə, E.Zahidov fikirlərinə əlavə edib:

"Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib. 

Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”. 

Qafar Ağayev

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər