Azərbaycanda koronavirus xəstələrinin və həkimlərin geyimləri belə məhv edilir - FOTO

Mövcud karantin şəraitində koronovirus xəstələri, olanlara xidmət edən həkim və tibb personalının istifadə etdiyi qoruyuğu geyim və digər vasitələrin tibb müəssisələrindən yığılaraq xüsusi qaydada utilizasiya edilir.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən 1news.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır:
“İşlər çərçivəsində kommunal xidmətlərin xüsusi texnikası tərəfindən TƏBİB-in tabeliyində olan xəstəxana və tibb müəssisələrindən istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi müəssisəyə təhvil verilir. Təhlükəli tullantılar bu poliqondakı insineratorda (dünya standartlarına cavab verən xüsusi soba) yandırılaraq utilizasiya olunur. Yanma zamanı əmələ gələn tüstü xüsusi filtrlərdən keçir ki, bu da tüstünün insanlara dəyə biləcək ziyanı heçə endirir. Yanma nəticəsində əmələ gələn kül qablara toplanaraq poliqondakı hüceyrələrdə basdırılır”.
Rəsmi məlumata görə, bu prossesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınıb:
“Onların yük yeri paslanmayan materialdan hazırlanıb və hermetikdir. Hazirda 3 ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən bu cür tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. İşçilər xüsusi geyim və qoruyuğu vasitələrlə təmin edilib, texnika gündəlik dezinfeksiya edilir. Yaxın günlərdə Bakıya daha 4 ədəd belə avtonəqliyyat vasitəsi gətiriləcək”.



Qafar Ağayev