“Karantin qaydalarının yumşaldılması sosial məsuliyyəti daha da atırır”  | 1news.az | Xəbərlər
Cəmiyyət

“Karantin qaydalarının yumşaldılması sosial məsuliyyəti daha da atırır” 

10:07 - 18 / 05 / 2020
“Karantin qaydalarının yumşaldılması sosial məsuliyyəti daha da atırır” 

COVID-19 infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması müsbət haldır. Amma bu, bizim virusdan artıq xilas olmağımız anlamına gəlmir. Bilirik ki, mütəxəssislər virusun ikinci dalğasının təhlükənin miqyasını daha da genişləndirəcəyini bəyan ediblər. Bu, həyəcan siqnalıdır və buna ciddi yanaşmaq lazımdır.

1news.az xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva deyib:

“Xüsusilə 65 yaşdan yuxarı insanların xüsusi risk qrupunda olduqlarını nəzərə alaraq, daha ehtiyatlı davranaraq, Nazirlər Kabineti yanında Operativ Qəragahın təqdim etdiyi metodiki göstərişlərə uyğun - evdən yalnız zəruri hallarda çıxmağı, insanların sıx toplaşdığı məkanlarda olmamağı tövsiyə edirəm. Əslində qaydaların yumşaldılması bizim sosial məsuliyyətimizi daha da artırır”.

Millət vəkili bildirib ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

“Dövlətin ölkədə tibbi sənayenin inkişafı ilə yaratdığı imkanlardan düzgün istifadə edərək, tibbi-profilaktik qaydalara əməl olunması zəruridir. Pandemiya şəraitində ölkəmizdə insanların sağlamlığına ən ali səviyyədə verilən önəm bir daha təsdiləyir ki,  cəmiyyətin qorunması həm də dövlətin suverenliyi deməkdir. Bu mənada pandemiyanın təsirlərinin qarşısının alınmasında səfərbərliyi davam etdirməliyik.

Çünki milli həmrəylik pandemiya dövründə ən təsiredici faktor kimi cəmiyyətin maraqlarına tam cavab verir. Cənab Prezidentin çevik siyasətinə dəstək olaraq, ölkəmizin pandemiyanın dağıdıcı təsirlərindən ən az əziyyət çəkən dövlətlər sırasında qalmasına çalışmalıyıq”.

1news.az

 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər