Biləcəridə karantin qaydalarını pozan restoranda 32 nəfər saxlanıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəridə karantin qaydalarını pozan restoranda 32 nəfər saxlanıldı – FOTO – VİDEO

13:52 - 25 / 05 / 2020
Biləcəridə karantin qaydalarını pozan restoranda 32 nəfər saxlanıldı – FOTO – VİDEO

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoran polislər tərəfindən aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, keçirilən tədbir zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştəriləri qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb.

Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gətirilib. Bölmədə həmin şəxslərlə rayon polis idarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştəriləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün toplanan materiallar məhkəməyə göndəriləcək.

1news.az

Paylaş:
799

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər