Bakıda gənc kuryer “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu - FOTO

Ötən gün Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.
1news.az xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb. Belə ki, “Domino's pizza”da kuryer işləyən Ülvi adlı gənc oğlan motosikleti ilə qəzaya düşüb. O, aldığı xəsarətdən vəfat edib.
Sosial şəbəkələrdə qeyd edilir ki, gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.
Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur.
Dünyasını dəyişən gəncin ölümünə səbəb də məhz sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.
Baş verən qəzadan sonra sosial şəbəkələrdə “Domino's pizza”nın kampaniyasına etirazlar başlayıb. Sosial şəbəkə istifadəçiləri "30 dəqiqəyə çatmasa, ödəniş etməyin" kampaniyasına etiraz ediblər. Bildirilir ki, belə kampaniyalar olduqca qəzalar çoxalacaq.
Daxili İşlər Nazirliyi (DİN) sözügedən qəza ilə bağlı məlumat yayıb. Məlumata görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen" markalı motosikleti divara vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
1news.az