Azərbaycanda ən çox koronavirus hansı ərazilərdə aşkarlanıb? - Ramin Bayramlı açıqladı

Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür.
1news.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yoluxma göstəricisi Gəncə-Qzax bölgəsində 13,6 faiz, Aran rayonlarında 11,1 faiz, Abşeronda isə 9,2 faizdir. Digər bölgələrdə yoluxma göstəricisi təxminən 5 faizdən aşağıdır:
“Bakı şəhəri üzrə ümumi yoluxma sayı üstünlük təşkil edir. Son günlər ərzində yoluxma tempinin yüksək olduğu ərazilər adlarını qeyd etdiyim rayon və şəhərlərdir. Bu rayonların bəzilərində bir neçə kənddə xüsusi yoluxma halları qeydə alınır.
Bakının Yasamal rayonunda yoluxma göstəricisi 14,5 faiz, Nəsimi rayonu üzrə 13 faiz, 11,1 faizi Binəqədi rayonu, 10 faiz Xətai rayonunda, 7 faiz Qaradağ, 5,9 faiz Nizami rayonunda müşahidə edilib.
Məhdudiyyətlərin tətbiq olunmağa başlanıldığı aprel ayının əvvəlində xəstə sayında azalma müşahidə edildi. Amma məhdudiyyətlərin aradan qaldırıldığı vaxtdan etibarən xəstələrin sayında artım baş verir:
“Vətəndaşlarımızın qaydalara əməl etməməsi nəticəsində artım müşahidə edilir. İnfeksiyanı məhdudlaşdırmaq istəyiriksə, ya sərt karantin rejimi olmalıdır, ya da qaydalara əməl edilməlidir. Bütün dünyada olduğu kimi, biz də ikinci yolu seçməliyik. Lakin bu qaydalara əməl etməyi özümüzə aşılamalıyıq”.
R.Bayramlı qeyd edib ki, qaydalara əməl edilməməsi nəticəsində ölkədə virusa yoluxanların sayı sağalanların sayından çoxdur. Həmçinin ağır xəstələrin sayının artmasına baxmayaraq, vəfat edənlərin sayında ciddi artım müşahidə edilmir.
Qafar Ağayev