Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib

11:30 - 29 / 05 / 2020
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 102 illiyinə həsr olunan beynəlxalq videokonfrans keçirilib.

Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun moderatorluğu ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cümhuriyyətinin varisləri – AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, Türkiyədə yaşayıb fəaliyyət göstərən Xalq artisti, dirijor Ramiz Məlikaslanov, AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi, ABŞ-dakı Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri, Gəncə Şəhər Dumasının üzvü olmuş Ələkbər Rəfibəylinin və AXC-nin ilk səhiyyə naziri və Gəncə valisi Xudadat bəy Rəfibəylinin qohumu, Bursada yaşayan İlhami Əsgəran, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi, istiqlal şairi Əhməd Cavadın nəvəsi, İsraildə yaşayan Yaqut Abdullayeva, Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla  Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.

Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açaraq 102 il əvvəl xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan komitə sədri bildirib ki, Prezident İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirir. Dövlət başçısının sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. R.Hüseynov cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.

Qafar Ağayev

 

Paylaş:
582

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər