Pandemiyanın avtomobil bazarına TƏSİRİ: Qiymətlər ucuzlaşıb, yoxsa bahalaşıb?

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrə təsir edib. Koronavirusdan zərər çəkən sahələrdən biri də avtomobil bazarıdı. Belə ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi vaxtı avtomobil satışı demək olar ki, həyata keçirilmədi. Bəs görəsən hazırda avtomobil bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, avtomobil bazarında vəziyyət hələ ki, qeyri-dinamikdir.
“Karantin dövründə olduğu kimi ciddi bir dəyişiklik müşahidə olunmur. Bunun da əsas səbəbi iqtisadi proseslərlə, xüsusilə manat üzərindəki basqılarla bağlıdır. Manat üzərində neqativ fikirlər, təsirlər qaldıqca avtomobil bazarında, eyni zamanda daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliyin olması gözlənilmir. Hazırda nisbi aktivlik müşahidə olunur, nəzərə almaq lazımdır ki, qarşıdan yay ayları gəlir, yay ayları ümumiyyətlə avtomobil bazarı üçün daha çox passiv, qeyri-dinamik mövsüm kimi xarakterizə olunur. Bu mənada mən düşünürəm ki, avtomobil bazarında iyun ayının sonuna qədər əhəmiyyətli bir dəyişiklik müşahidə olunmayacaq.
R.Osmanlı bildirib ki, bazarda passivlik, alqı-satqı əməliyatlarının məhdudlaşdırılması müşahidə olunsa da qiymətlərdə ciddi azalma müşahidə olunmayıb.
“Qiymətlər demək olar ki, stabil olub. Bu prosesin bayaq qeyd etdiyim kimi, mövsümlə əlaqədar olaraq yay aylarında davam etməsi qiymətlərə təsir göstərə bilər, amma yay mövsümü təklif portfelinin məhdudlaşması ilə xarakterikdir. Təklifin azalması da qiymətlərin artmasına gətirib çıxarır. Təklif azalması baş verməzsə yəqin ki, yay aylarında da qiymətlər sabit qala bilər”.
Ekspert deyib ki, gömrük rüsumu artırılarsa bu həm təkrar, həm ilkin avtomobil bazarında qiymətlərin artmasına səbəb olacaq.
Qafar Ağayev