““Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Qusar rayonu, Yasaboba kəndindən şagird Yaşar Şahbazovdan:
“Əziz Prezidentim. Əvvəla Sizə ailənizlə birgə cansağlığı, sülh və əmin-amanlıq arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq.
Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz”.
Bakı şəhər sakini Qəhrəman Ələkbərovdan yazır:
“Əziz və hörmətli Prezidentimiz. Azərbaycan Respublikasının varlığı ulu öndər Heydər Əliyevin, müasir inkişaf səviyyəsi isə Sizin adınızla bağlıdır. Sizin sayənizdə şəhərlərimizdə, rayonlarımızda və bütün bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri danılmazdır. Bu gün elə bir dövrə təsadüf edir ki, bir tərəfdən, bədnam Ermənistanla, digər tərəfdən, qaçıb xarici ölkələrdə gizlənərək ölkəmizə qarşı təxribat kampaniyaları aparanlarla, həmçinin gözəgörünməz düşmən olan koronavirusla mübarizə aparırıq.
Sizin "Biz birlikdə güclüyük!" çağırışınız, Mehriban xanımım bir övlad, bir ana və nənə kimi müraciəti bütün xalqı mübarizəyə səfərbər etdi. İnanırıq ki, biz bütün bu mübarizələrdə qalib gələcəyik.
Siz Azərbaycan xalqına hər zaman dayaq olmusunuz. Təbii fəlakətlər baş verəndə də sakinlərin yanında olub onlara kömək göstəmisiniz. Mehriban xanım neçə-neçə xəstəni həm öz ölkəmizdə, həm də xaricdə müalicə etdirib ailələrinə qovuşdurub. Görülmüş işləri sadalamaqla qurtarmır.
Uca Tanrı Sizi və Mehriban xanımı bu xalqa çox görməsin, ailənizi və əzizlərinizi qorusun!”
Ağcabədi sakini Məlahət Tağıyevadan:
“Möhtərəm cənab Prezident. Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Amma Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu. Koronavirus epidemiyası bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizin də iqtisadiyyatına, maliyyə sisteminə öz təsirini göstərdi. Ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər həm iqtisadiyyatın, həm də maliyyə sisteminin bu vəziyyəti böhransız adlamasına şərait yaratdı. Dünyanın nəhəng dövlətlərinin pandemiya qarşısında aciz qaldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar sayəsində biz bu gün öz həyatımızı böyük arxayınlıq və rahatlıq içərisində yaşayırıq.
Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınıza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Ölkə əhalisinin rahatlığı və sağlamlığı naminə yürütdüyünüz siyasətə, verdiyiniz hər bir qərarda, ilk növbədə, xalqın rifahını düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
Goranboy sakini Göyüş Nağıyev yazır:
“Hörmətli cənab Prezident. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb onu öz arxanızca aparmısınız. Mən bir müharibə veteranı, iki tələbə valideyni kimi Sizin ölkəmizdə koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirləri dəstəkləyirəm.
Sizin bu ilin mart ayında Goranboy Şəhər Mərkəzi Xəstəxanasının açılışını etməyiniz koronavirus dövründə atılmış böyük addımdır. Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya işlərinə, aztəminatlı şəxslərə birdəfəlik yardımın edilməsinə, sosial baxımdan həssas ailə qrupuna daxil olan tələbələrə göstərdiyiniz yardıma görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.
Şagirdlərin təhsildən kənar qalmamaları üçün onlarla onlayn dərslərin keçirilməsi, pandemiya dövründə müəllimlərin əməkhaqqının tam ödənilməsi Sizin qabaqcıl siyasətinizin bariz nümunələridir”.
Gədəbəy sakini Qaratel Qarayevadan:
“Əziz Prezidentimiz İlham Əliyev. Bütün dünyanı böhran bürüdüyü bir vaxtda Azərbaycanımızın hər bölgəsində, o cümlədən Gədəbəyimizdə və Arıqıran kəndində aparılan quruculuq-abadlıq işlərinə görə çox sağ olun. Elektrik xətlərimiz 1965-ci ildə çəkilmişdi. Elektrik enerjisi sarıdan çox əziyyət çəkirdik. Külək əsən kimi işıqlarımız sönürdü. O cümlədən kəndimizdə yanacaqla bağlı da problem var idi.
Cənab Prezident, indi Arıqıran və Əyrivəng kəndlərində işıq sistemi yenidən qurulur. Kəndimizə xəyalımıza belə gətirmədiyimiz təbii qaz xətti çəkilir. Bu, bizi çox sevindirir.
Biz sakinlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarıq”.
Lənkəran sakini Əskər Qafarov:
“Çox hörmətli Prezident Ilham Əliyev. Sizin xalqımız, dövlətimiz üçün yorulmadan gördüyünüz işləri bütün dünya alqışlayır. Siz, həqiqətən, xalq üçün çalışırsınız. Biz bu yolda Sizin bütün səylərinizi ürəkdən dəstəkləyirik. Siz də, Mehriban xanım da xalqımızın xoş, firavan yaşamağını istəyirsiniz, hər tərəfdə işıq var, qaz var. Su xətləri çəkilir, yollar salınır, vətəndaşların müraciətləri dinlənilib həll olunur, iş yerləri açılır, maaşlar, müavinətlər vaxtında ödənilir, ehtiyacı olanlara yardımlar edilir.
Cənab Prezident, yaşadığımız küçə bu günlərdə yüksək səviyyədə abadlaşdırılaraq asfaltlandı. İndi küçəmiz çox səliqəli, təmizdir.
Bütün bunlar Sizin və Mehriban xanımın insanpərvərliyinizin göstəricisidir. Biz Sizinlə fəxr edirik. Nə yaxşı ki, Siz varsınız. Sizə güvənirik, Allah Sizi qorusun. Çox sağ olun”.
1news.az