Sumqayıtda uçqun baş verən binada təmir işlərinə başlanıb – FOTO – YENİLƏNİB
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı uçqun baş verən binaya baxış keçirib.
“Report”un xəbərinə görə, qəzalı vəziyyətdə olan binada 26 məcburi köçkün ailəsinin yaşadığı bildirilib.
Qeyd olunub ki, hazırda həmin ailələrdən 5-i köçürüləcək və kirayə mənzillərdə yerləşdiriləcək.
Həmin ailələrin sentyabra qədər Sumqayıtda tikintisi yekunlaşdırılacaq şəhərcikdəki mənzillərə köçürüləcəyi gözlənilir.
11.25
Sumqayıt Şəhər İcra Hakimiyyəti yarımçıq tikilidə baş vermiş hadisə barədə məlumat yayıb.
Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev APA-ya açıqlamasında bildirib ki, həmin binada təmir işlərinə başlanılıb: "Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb.
5 nəfər ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər".
09.40
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində yarımçıq tikilidə baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb.
"Report" xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.
S.Xankişiyeva