Azərbaycan-İran sərhədində atışma olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

14:47 - 18 / 06 / 2020
Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, 2020-ci ilin 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı av­tomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həya­tına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri güllə yarası almış və İİR ərazi­sinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüş­dür. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxa­rılmışdır. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olmasından istifadə edərək geri qaçmış və İİR sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Qafar Ağayev

Paylaş:
565

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər