E-TEBİB tətbiqi vasitəsilə virusa yoluxub-yoluxmadığınızı biləcəksiniz

Bu gün Operativ Qərargahın brifinqində “E-TEBİB” mobil tətbiqi təqdim olunub.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Qulu İsmayılova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Qulu İsmayılova bildirib ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir.
“Qırmızı rəng isə həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək. İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır.
Məlumatlar bluetooth texnologiyası əsasında təyin edəcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”.
Qeyd edək ki, tətbiqi asanlıqla telefonunuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.
Operativ Qərargah koronavirusla bağlı mobil tətbiq yaratdı – FOTO - VİDEO
S.Xankişiyeva