Prezidentdən koronavirusla bağlı çağırış: “İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır” – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentdən koronavirusla bağlı çağırış: “İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır” – TƏHLİL

16:01 - 25 / 06 / 2020
Prezidentdən koronavirusla bağlı çağırış: “İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır” – TƏHLİL

Karantin rejiminin yumşaldılmasından sonra koronavirus infeksiyasına yoluxanların sayının sürətlə artmağa başlaması cəmiyyətdə ciddi narahatlıq doğurur. Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına görə virusa yoluxanların sayı rekord həddə artaraq 508-ə çatdı.

Yoluxma sayının birdən-birə sürətlə artmasının səbəbləri hansılardır? Bunun qarşısını necə ala bilərik? Hazırda bu kimi suallar ətrafında ciddi müzakirələr gedir.

Məlum olduğu kimi, vəziyyətin belə kritik həddə çatması karantin rejiminin yumşaldılmasından sonra baş verdi. Təəssüf ki, hələ də koronavirus pandemiyasının olmadığını, bunun bir oyun olduğunu düşünənlər var. Bir çoxları isə pandemiyanın olduğuna inansalar da məsuliyyətsizlik nümayiş etdirir, zəruri olan yerlərdə tibbi maskadan istifadə etmir, bir sözlə, karantin rejiminin qaydalarına riayət etmək istəmirlər. Bu isə onsuz da yaxşı olmayan epidemioloji vəziyyətin daha da pisləşməsinə, virusa yoluxma hallarının kəskin artmasına gətirib çıxardı.

İyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizdə pandemiyaya qarşı görülən işlərdən danışıb. Dövlət başçısı qeyd edib ki, son illər ərzində ölkəmizdəmüasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik:

“Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir. Bu məqsədlər üçün vəsait ayrıldı və əlavə vəsait də ayrılacaq. Bu gün Bakı şəhərində koronavirus xəstələri daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə alırlar. Xüsusilə “Yeni klinika”nı qeyd etməliyəm. O, ölkəmizdə ən gözəl, ən müasir klinikadır və ən böyük tibb ocaqlarından biridir. Təxminən 600 çarpayılıq klinikada bu gün xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına biz xəstələri müalicə edirik”.

Prezident İlham Əliyev bütün tələblərə baxmayaraq, bəzi insanların məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etməməlirəndən gileylənib:

“Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.

Özünün də maska taxdığını deyən dövlət başçısı hər kəsi daha məsuliyyətli olmağa, tibbi maskadan istifadə etməyə çağırıb:

“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik.

İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir”.

“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Gəncədə etdiyi çıxışlar pandemiya dövründə Azərbaycanda müxtəlif sahələrdəki real vəziyyəti qiymətləndirmək və dövlət siyasətinin bütün istiqamətlərdəki nəticələrini dəyərləndirmək üçün geniş materiallar verir. Onun sözlərinə görə, bir daha bütün ictimaiyyət və dünya şahidi oldu ki, Azərbaycanın koronavirusla mübarizəsi məqsədyönlü, qabaqlayıcı, konkret hədəflərə yönəlmiş, səmərəli və praktik xarakter daşıyan sistemli bir modeldir:

"Növbəti dəfə Prezident cəmiyyətə əsaslı mesajlar verdi ki, Azərbaycan cəmiyyətini və insanlarımızı dünyanın başqa bütün ölkələri ilə müqayisədə nisbətən ən yaxşı səviyyədə qoruya bilməyimiz məhz həyata keçirilən ardıcıl tədbirlərin sayəsində mümkün olub.

Prezidentin bütün fikir və mülahizələri dövlətimizin pandemiya ilə mübarizə hədəflərindən bir addım da geri çəkilmədiyini, mübarizənin zəifləmədiyini və hər gün güclənərək yeni üsul və forma axtarışları ilə təkmilləşdirildiyini nümayiş etdirdi. Hər kəs görür ki, Azırbaycanda pandemiya ilə belə ardıcıl, dinamik artan və get-gedə daha mütəşəkkil aparılan mübarizə yalnız inamdan, xalqın taleyinə və sağlamlığına olan dərin məsuliyyət hissindən yaranır.
Prezidentin "dövlət öz üzərinə düşən hər şeyi edir və edəcək" bəyanatı həm görülmüş işlərin hüquqi məzmununa, həm də bu mübarizə kursunun inamla davam etdiriləcəyinə yetərli təminat yaradır" .

Baş redaktor bildirib ki, karantin qaydalarının sərtləşdirilməsinin zəruriliyi barədə Prezidentin sözləri vətəndaşlarımızı daha məsuliyyətli olmağa yönəltmək baxımından təsirlidir: "Çünki qaydaların sərtləşdirilməsinin zəruruliyini göstərən əsaslar və səbəblər Prezident tərəfindən səmimi, detallı və ictimai yanğı ilə izah edildi.

Diqqət çəkən məqamlardan biri odur ki, Prezident pandemiya ilə mübarizənin daha səmərəli nəticələr verməsi üçün dövlət nəzarəti ilə ictimai qınaq üsullarının birləşdirilməsinin güclü bir vasitə olduğunu dəqiq ifadə etdi. Həqiqətən də hər bir vətəndaş Prezidentin dediyi haqlı iradlardan təmkinli nəticə çıxarmalı və özünə sual verməlidir ki, küçələrdə maska taxmayan, məsafə saxlamayan bir vətəndaşa niyə bunu irad tutmasın və belə davranışın hamı üçün təhlükəli olduğunu xatırlatmasın?!

Prezident Azərbaycan cəmiyyətinə pandemiya ilə mübarizənin bundan sonrakı vəziyyətinin məhz əsasən insanların davranışlarından asılı olacağını aydın şəkildə göstərdi. "Maska taxmaq nə çətin məsələdir" formasında Prezidentin göstərdiyi yol hər kəsin nəticə çıxarmalı və əməl etməli olduğu çıxış yoludur.

Karantin qaydalarının və cəzaların sərtləşdirilə biləcəyi barədə Prezidentin xəbərdarlığı cəmiyyəti daha məsuliyyətli olmağa və birlik nümayiş etdirməyə yönəldir. Eyni zamanda cəmiyyətimizi qorumaq üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini göstərir.

Hətta ən ağır vəziyyətdə belə Prezident dövlətimizin sosial strategiyasının dəyişilməz qalması üçün gərəkli olan hər şeyin ediləcəyini bir daha hamıya söylədi. Prezidentin "pandemiyanın hansı vəziyyətdə olmasından adılı olmayaraq ilin sonunadək əhalinin sosial vəziyyəti dəyişməyəcək" fikri həm inamdan, həm də seçilmiş sosial strateji xəttin davam etdiriləcəyindən xəbər verir".

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər