Vüqar Bayramov: Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalıyıq

“Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və vətən uğrunda sücaətlə mübarizə aparmaga qadirdır.
Bununla yanaşı, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edib”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib:
“Təəssüf ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışmışlar. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş, binaya zərər vurmuş və parlamentin foyesində “Allahu-Əkbər” şüarları səsləndirmişlər.
Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”.
S.Xankişiyeva