Bakıda orduya dəstək mitinqi zamanı təxribat törədilib – FOTO – VİDEO

İyulun 14-dən 15-nə keçən gecə Bakıda minlərlə insan Azərbaycan Milli Məclisinin qarşısındakı meydanda toplaşıb.
İştirakçılar Ermənistan silahlı qüvvələrinin təxribatından sonra iyulun 12-də başlayan Azərbaycan-Ermənistan sərhədində, Azərbaycanın Tovuz bölgəsində hərbi əməliyyatlarla əlaqədar olaraq Ordumuza dəstək şüarları səsləndiriblər.
Mitinq iştirakçıları: "Şəhidlər ölməz, Vətən bölünməz!"; "Qarabağ bizimdir və bizim olacaq!"; "Qəhrəman əsgər, cəsarətli ol!" və s. şüarlar səsləndiriblər.
Təəssüf ki, gecə saat iki radələrində izdiham içərisindəki kiçik bir təxribatçı qrup gözlənilmədən mitinqi başqa istiqamətə çevirməyə çalışıb və cəbhə xəttində döyüşən əsgərləri və Vətən maraqlarını unutduraraq, toplaşanlardan bəzilərini qapıları və pəncərələri sındıraraq Milli Məclisin binasına girməyə təhrik edib.
Bu insanlar binadakı mebel və avadanlıqları dağıdıblar və polis qaydaları düzəltməyə çalışdıqda, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaradıblar, polis maşınını çeviriblər, digər polis maşınlarına, avtobuslarına zərər verərək, polis əməkdaşlarını daşqalaq ediblər.
Binaya hücum edənlər dağılışmaqla bağlı polisin verdiyi xəbərdarlığa məhəl qoymayıblar. Daha sonra xüsusi vasitələrin köməyilə polis əməkdaşları əsasən təxribatın qurbanı olan gənclərdən ibarət kütləni dağıtmağı bacarıb, qanunsuz hərəkətlərin təşəbbüskarları tutulub.
Sosial şəbəkələr istifadəçiləri vətəndaşların bu təxribatçı hərəkətlərini pisləyərək bunun yolverilməz olduğunu vurğulayıblar və cəbhədə əsgərlərə dəstək verməyə başlayan və Qarabağın azad edilməsi adı ilə keçirilən mitinqin polis və şiddətli qarşıdurma ilə başa çatmasından təəssüfləndiklərini bildirdilər.
ITV-nin reportajıında qeyd edildiyi kimi, Qarabağa gedən yol Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqdan keçmir.
Qeyd edək ki, cəmiyyətimizə düşmənlə və hələ başa çatmamış koronavirus pandemiyası ilə qarşı-qarşıya olmaq üçün birliyə ehtiyac duyulan bir dövrdə belə təxribatlar və vətəndaş qarşıdurmasını təşkil etmək cəhdləri qəbuledilməzdir və yalnız çaşqınlığa səbəb olur.







Tərcümə: S.Xankişiyeva