Baş infeksionist: Ordumuza dəstək aksiyasında koronavirusun yayılması nəzərdən qaçdı

İyunun 14-də Azərbaycanın bir çox rayon və şəhərində ordumuza dəstək məqsədilə aksiyalar keçirilirdi.
Əlbəttə, insanlarımızın vətənpərvərlik nümayiş etdirərək ordumuza dəstək verməsi təqdilayiq bir haldır. Ancaq bu aksiyada bütün dünya da və ölmizdə yayılmış koronavirus pandemiyasının yayılması nəzərə alınmadı. Belə ki, aksiyada insanlar arasında məsafə gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib ki, aksiyanın məqsədi, ordumuza dəstək, vətəndaşların dövlətimizin arxasında olduqlarını nümayiş etdirmək idi”.
“Amma bu məqamda ölkəmizdə koronavirus infeksiyasının yayılması nəzərdən qaçdı. İnsanlarımız kütləvi toplaşmaqla, toplaşım yerlərində maskadan istifadə etməməklə koronavirus əleyhinə aparılan tədbirlər sistemini pozmuş oldu. Bu da xəstəliyin yaranmasına şərait yaratmış oldu. Ola bilər ki, bu aksiyada iştirak edən insanlar arasında koronavirusa yoluxmuş və əlamətləri hiss olunmayan insanlar olub. Onlar digər insanların yoluxmasına səbəb olublar. Bu isə yaxın gələcəkdə xəstələnmə hadisələrinin artmasına gətirib çıxara bilər”.
Baş infeksionist bildirib ki, ordumuza dəstək vermək üçün tək vasitə aksiya keçirmək deyil.
“Biz ordumuza dəstəkləmək istəyiriksə müxtəlif saytlarda öz fikirlərimizi bölüşə bilərik, sosial şəbəkələrdə statuslar paylaşa bilərik, yaxınlarımıza bu barədə təkliflərimizi deyə bilərik. Millətimiz bu gün böyük ruh yüksəkliyi yaşayır, torpaqlarımızın düşmən işğalından azad olunması üçün əmri gözləyirlər. Bu bizim hamımızın istəyidir. Ancaq nəzərə almaq lazımdır ki, bizim düşmənizim təkcə ermənilər deyil, eyni zamanda koronavirus bizim düşmənimizdir. Ermənilər açıq-aşkar düşməndi, amma koronavirus gizli düşməndi. Biz iki cəbhədə vuruşmuş oluruq, biri koronavirusa qarşı, biri də ermənilərə qarşı. Gəlin edə edək ki, hər iki düşmənlə mübarizəmizdə uğur qazanaq. Ermənilərlə döyüşdə azsaylı şəhidlərimiz olsa da bu bizə pis təsir edir, amma hər gün koronavirusdan bir neçə vətəndaşımız həyatını itirir. Koronavirusdan həyatını itirənlər də bizim əzizlərimizdir. Qaydalara riyayət etməliyik ki, ölkəmizdə vəziyyət yaxşılaşsın, tezliklə qadağalardan, qoyulan karantin tədbirlərindən qurtulararıq və sərbəst dolaşma hüquqlarımız bərpa olar. Bunların hamısı bizim istəyimizdir, biz istəyimizə nail olmaq bu qaydalara əməl etməliyik. Bütün bunları fikirləşmək lazımdır, bu sahədə dövlətimizin gördüyü tədbirləri dəstəkləməyimiz lazımdır”.
Qafar Ağayev