Sosial proqramlar pandemiya dövründə də uğurla icra olunur – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial proqramlar pandemiya dövründə də uğurla icra olunur – TƏHLİL

17:13 - 07 / 08 / 2020
Sosial proqramlar pandemiya dövründə də uğurla icra olunur – TƏHLİL

Pandemiyaya baxmayaraq ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş proqramların icrası uğrla davam etdirilməkdədir. Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Nəzərinizə çatdıraq ki, Tədbirlər Planı üç istiqamət - İqtisadi artıma və sahibkarlığa dəstək, Məşğulluq və sosial rifaha dəstək, Makroiqtisadi və maliyyə sabitliyi üzrə müvafiq tədbirləri nəzərdə tutur: 

Məlumata görə, “Məşğulluq və sosial rifaha dəstək” tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir.  Pandemiya dövründə dövlət sektorunda çalışan 900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək haqları qorunub. Özəl sektorda işləyən 760 min nəfərin isə işsizliklə üzləşməsinin qarşısı alınıb. İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15%  artıb.

Sərt karantin dövründə 290 min şəxsə 55 milyon manat vəsait ödənilib

Aprel-may aylarında ölkə üzrə işsiz olan və xüsusi karantin rejiminə görə gəlirini itirən və ya qeyri-formal işləyən 600 min şəxsə 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə, ümumilikdə isə 225 milyon manat ödənilib.

İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.

Prezident: “İşsiz insanlara sosial dəstək bundan sonra da davam etdirilməlidir”

Ölkə əhalisinin sosial müdafiəsinin ücləndirilməsi avqustun 6-da Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə zamanı da diqqət mərkəzində olub. Dövlət başçısı bildirib ki, işsiz insanlara sosial dəstək bundan sonra da davam etdirilməlidir. Prezidentin tapşırığına əsasən, növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) 190 manat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.

“Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”- deyə, Prezident müşavirədə çıxışı zamanı deyib. 

Haqqı ödənilən ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri yeni iş yerlərinin yaradılmasıdır. Məlumata görə, pandemiya dövründə görülən tədbirlər nəticəsində haqqı ödənilən ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb (38 min davamlı, 52 min 2 aylıq). 38 min davamlı iş yerlərinin 95%-i, 52 min 2 aylıq iş yerlərinin 50%-i işçilərlə təmin edilib.

Özünüməşğulluq proqramının da əhatə dairəsi genişləndirilərək 12 minə çatdırılıb. Proqramın reallaşdırılmasına Dünya Bankı, BMT İnkişaf Proqramı, H.Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi cəlb edilib.

Bundan başqa işsizlikdən sığorta qaydaların sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsinə dair qanun layihəsi hazırda Milli Məclisdə baxılır. İldə 20 min nəfərin əhatə olunması gözlənilir.

Sosial baxımdan həssas şəxslərə sosial dəstək tədbirləri də davam etdirilməkdədir. Belə ki, 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilib. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilib.

Ünvanlı dövlət sosial yardımından faydalanan ailələrin sayı artıb

Ünvanlı dövlət sosial yardımından faydalananların da sayında artım olub. Belə ki, 1 aprel tarixi ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) çatıb. Həmin ailələrə aylıq orta məbləğ 225 manat verilib.

Sosial xidmətlərə gəlincə, 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilib. Onu da nəzərinizə çatdıraq ki, sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir.

Bundan başqa sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilib.

Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılıb.

Eyni zamanda əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılıb.

Şəhid ailələri və müharibə əlillərinə rekord sayda mənzil veriləcək

Prezident İlham Əliyevin diqqəti, qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.

Statistikaya nəzər salsaq görərik ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev verilib. 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 554 mənzil artıq verilib. Digər mənzillər və fərdi evlər də ilin sonuna kimi veriləcək. Məlumat üçün bildirək ki, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Əlilliyi olan 6900 nəfər minik avtomobilləri ilə təmin olunub

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.

Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.

Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi güləndirilir

Sosial proqramlarda əhalinin müavinət, pensiya və Prezidentin aylıq təqaüdləri ilə təminatı da diqqət mərkəzindədir.

Məlum olduğu kimi, şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə də hesablanır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir (kommunal və s. xərclərə kompensasiya kimi). Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. 

Qarabağ müharibəsi əlillərinə gəlincə, onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.

Qarabağ müharibəsi əlillərinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir.

Bundan başqa şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

1news.az

Paylaş:
759

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər