Los-Anceles polisi azərbaycanlılara hücum edən şəxsi axtarır - FOTO - YENİLƏNİB

Los-Anceles polisinin 21 iyulda Azərbaycan konsulluğu qarşısında keçirilən aksiya iştirakçılarından birinin şəxsiyyətinin müəyyənləşdirilməsində köməyə ehtiyacı var.
Həmin gün minlərlə yerli ermənidən ibarət bir qrup təxribat törədərək konsulluq qarşısında dinc aksiya keçirən azərbaycanlılara hücum etdi. Hadisə yerindən görüntülər bütün dünyaya yayıldı.
Çərşənbə axşamı, 12 avqustda Los-Anceles polisi aksiya zamanı insanlara fiziki zorakılıq tətbiq edərək hücumlarda iştirak edən bir şəxsin fotosunu yayımladı. CBSLA saytında yerləşdirilən xəbərdə bildirilir ki, polisin verdiyi məlumata görə, həmin şəxs yumruqla başqa bir insanın başına zərbə endirərək onu yerə yıxıb.
Təxminən 25-35 yaş arası olan həmin adam təxminən 1.60-1.70 metr boya malikdir, 70-80 kq ağırlığındadır, qırxılmış başı və qara saqqalı var. Konsulluğun qarşısındakı toqquşma günü açıq narıncı və ya çəhrayı rəngli köynək geyinmişdi, sol biləyində qolbaq vardı.
Polis həmin gün baş verən hadisələrdən sonra ən azı üç hücum hadisəsinin nifrət cinayətləri kimi araşdırıldığını söyləyir.
Üç şübhəlinin hamısı Orta Şərq görünüşlü 25-30 yaşlı kişilər olaraq təsvir edilir. Digər iki kişi həmin gün qara köynək və mavi cins şalvar geyinmişdi. Onlar haqqında əlavə məlumat yoxdur.
Şübhəli şəxslər haqqında məlumatı olan varsa, (310) 444-1532 nömrəsinə zəng etməklə Los-Anceles polisinin zabiti Ceyson Pereslə əlaqə saxlamaları xahiş olunur.
Fotoda: polisin axtardığı şübhəli şəxs.
1news.az