İbrahim Quliyev: “İndiki şəraitdə hansısa dini ayini məscidlərdə icra etmək yolverilməzdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

İbrahim Quliyev: “İndiki şəraitdə hansısa dini ayini məscidlərdə icra etmək yolverilməzdir”

16:50 - 20 / 08 / 2020
İbrahim Quliyev: “İndiki şəraitdə hansısa dini ayini məscidlərdə icra etmək yolverilməzdir”

Sabahdan İslam dinində önəmli olan Məhərrəm ayı başlayır.

Bu il Məhərrəm ayı və Aşura günü koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyanı ağuşuna alan koronavirusla Azərbaycanda da effektiv mübarizə aparılır. Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını düşünərək, bütün qabaqlayıcı tədbirlər alıb. Bu tədbirlər çərçivəsində virusun qarşını almaq üçün bir çox qapalı məkanların, eləcə də məscidlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Azərbaycanın möminləri, inanclı şəxsləri dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar. Ölkəmizdə hər il Məhərrəm ayının 10-cu günü – Aşurə mərasimləri keçirildi, ancaq bu il koronavirusla bağlı məhdudiyyətlər olduğu üçün böyük məclislərin keçirilməsi qadağandır.

Məsələ ilə bağlı 1news.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib ki, bütün dünyanı yeni bir xəstəlik olan koronavirus bürüməkdədir.

“Bu xəstəlikdən qorunmaq üçün həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri var. Koronavirus yoluxucu, öldürücü xəstəlikdir, hava,damcı yolu ilə yoluxur, xüsusilə də qapalı məkanlarda, insanların sıx təmasda olduğu yerlərdə bu xəstəlik sürətlə və fəsadlı şəkildə yayılmaqdadır. Ona görə də bizim də Qafqaz Müsəlmanları idarəsi olaraq tövsiyəmiz ondan ibarətdir ki, birincisi insanlar Operativ Qərargahın verdiyi təlimat və tövsiyələr əsasında hərəkət etsinlər, həmin təlimat və tövsiyələrdən kənara çıxmasınlar, gigiyenik qaydalara riayət etsinlər və s. Operativ Qərargahın təlimatına uyğun olaraq qapalı məkanlar, o cümlədən dini ayinlərin icra edildiyi məscidlər və digər dinlərə məxsus olan ibadətgahlar müvəqqəti olaraq bağlanıb. Hər hansı bir dini ayini həmin məkanlarda icra etmək indiki şəraitdə yolverilməzdir”.

İ.Quliyevin deyib ki, İslam dininə görə insanların öz canlarını qorumağı birinci şərtdir.

“Əgər biz Quran-i Kərimə də baxsaq, Peyğəmbərimizin hədislərinə də baxsaq görərik ki, insanların öz canlarını qorumağı birinci nömrəli məsələdir. Quran buyurur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın və yaxud Peyğəmbər (Ə.S) buyurur ki, əgər bir ərazidə xəstəlik varsa, həmin əraziyə getməyin, əgər siz həmin ərazidəsinizsə, o əraziyə daxil olmayın. Bu və ya digər digər hədislər onu göstərir ki, insanlar bacardıqları qədər öz canlarını qorumalıdırlar. Peyğəmbərimiz bir hədisdə buyurur ki, həqiqən də insana imandan sonra sağlamlıqdan üstün bir şey verilməyib. İndiki şəraitdə də bizim vətəndaşlarımıza, xüsusilə də dini kəsimə tövsiyəmiz ondan ibarətdir ki, öz canlarını qorusunlar, qapalı məkanlara toplaşmasınlar, fiziki məsafə qorusunlar. Məscidlərimizdə də bu il aşura mərasimlərinin keçirilməsi təxirə salınıb. Aşurə mərasimlərində insanlar toplu şəkildə bir araya toplanaraq qapalı məkanlarda, yəni məscid kimi, Hüseyniyyə kimi məkanlarda icra edilir deyə bu məkanların müvəqqəti olaraq qapalı olması tövsiyə edilir”.

Müsahibimizin sözlərinə görə, bütün dünyada müsəlmanlar üçün ən vacib əməl olan Həcc ayini belə bu il təxirə salındı.

“Kəbə evi insanların üzünə bağlandı, xüsusilə kənardan gələnlərin. Ona görə ki, bu ərəfədə bir araya toplanmaq yol verilməzdir. Bizim də dini kəsimə bir daha tövsiyyəmiz odur ki, həm Quran-i Kərimin, həm Peyğəmbərimizin, bütövlükdə dinimizin, o cümlədən də Operativ Qərargahın tövsiyələrinə, təlimatlarına uyğun şəkildə hərəkət etsinlər, bir araya toplanmasınlar. Mərasimi qeyd etmək üçün hər kəs fərdi şəkildə bu işə can atsın, yəni öz ailələrində, ailəvi şəraitdə məhərrəmlik mərasimini qeyd etsinlər. Bu mərasim Azərbaycan xalqının milli, mənəvi mədəniyyətində müstəsna rol oynayıb. Ona görə də yaxşı olar ki, hər kəs öz ailəsində İmam Hüseynin ab-havasından, onun döyüş yolundan, Kərbəla faciəsinin mahiyyətini anlatsın, izah etsin”.

O, bildirib ki, ibadət təkcə məscidlərdə olmur.

“Bu il Ramazan, Qurban bayramlarını bütün dünya müsəlmanları qeyd etdilər. Bununla yanaşı cümə günləri bir yerə toplaşıb namaz qılınırdı, dini bayramlarda bayram namazları qılınırdı və digər dini ayinlər icra olunurdu, ancaq bu il pandemiya ilə əlaqədar kütləvi toplaşmağa məhdiyyətlə qoyulduğu üçün bu ayinlər təxirə salındı. Xəstəlik olduğuna görə insanlar bütün bu dini bayramları, dini ayinləri yalnız ailə şəraitində icra etdilər. Bu da onu göstərir ki, hətta ən vacib əməlləri belə, lazım gələrsə, şərait yaranarsa ailə şəraitində həyata keçirə bilərik, o cümlədən də Məhərrəmlik mərasimini. Necə ki, biz Ramazan, Qurban bayramlarını, eləcə də cümə namazlarını bir neçə ay fərdi şəkildə icra etdiyimiz kimi yaxşı olar ki, Məhərrəmlik mərasimini də fərdi şəkildə, ailədaxilində bu ayini yaşadaq. İnsanların qapalı məkanlara toplanması məsləhət deyil”.

Qafar Ağayev

Paylaş:
1917

Son xəbərlər

Bütün xəbərlər