“Sınıq taleli körpələr” – Bakının mərkəzini balaca dilənçilər basıb – FOTO

Uşaqlıq hər bir kəsin inkişafında, bir şəxsiyyətin kimi formalaşmasında və əsas dəyərlərin aşılanmasında vacib dövrdür. Ona görə də mümkün qədər balacaların ruhu xeyirxahlıq, sevgi və qayğı ilə doldurulmalıdır ki, onun gələcək həyatında qabiliyyətlər və istedadlar tam inkişaf etmiş olsun.
Bu, əksəriyyəti ətrafdakılar və valideynlər tərəfindən yaradılmış şərtlər məsələsidir. Ancaq mühit zamanla müəyyən edilsə də, valideynlər, necə deyərlər, seçilmir. Bütün həyatlarını uşaqlara həsr edən valideynlər də var, uşaqları yük və ya daha da pisi – gəlir mənbəyi seçənlər də var...
Söhbət peşəkar dilənçilərdən gedir. Onlar sözün həqiqi mənasında "gəlir" yerlərini müəyyənləşdirərək orada gecə-gündüz itib-batırlar. Sürücülərdən pul diləndikləri küçələrin kəsişmələri, məşhur turizm məkanları, böyük supermarketlərə giriş və s. - hər yerdə dilənçilər insanları qıcıqlandırır. Xüsusilə, onlar balaca uşaqlar, bəzən çox südəmər körpələr vasitəsilə insanlardan pul qoparmağı sevirlər ...
1news.az-a oxuculardan biri dilənçilərin növbəti “çörək yeri”ndən danışıb. Onun sözlərinə görə, Bakının Yasamal rayonundakı Naxçıvani və Abdulla Şaiq küçələrinin kəsişməsində (Dövlət Statistika Komitəsinin binası ilə üzbəüz) uşaqlar böyüklərin nəzarəti altında sürücülərdən daim pul istəyirlər.
Onlar tıxaclar zamanı, axşam da, gündüz də, isti havada da maşınlara yaxınlaşaraq pul istəyirlər. Bunlar yoxsul ailələrin övladları deyil. Bunlar əsl dilənçilərdir, uşaqları istismar edən, pul istəməyə məcbur edən böyük mafiyanın kiçik üzvləridir. Və bu mafiya, uşaqların avtomobillər arasında qalması, təkər altına düşməsi riskinə əhəmiyyət vermir – onlar üçün əsas odur ki, hər bir uşaq axşam saatlarında müəyyən miqdarda gəlir gətirsin.
Ən təəccüblüsü də budur ki, bu, illərlə, hətta on illərlə davam edir - kiçik dilənçilərin əsasən 90%-i Yevlax, Xızı, Qobustan və respublikanın digər bölgələrindən olan qaraçılardandır və onlar böyüdükdən sonra yeni nəslə "nəzarətçi" olurlar. Bunun sonu yoxdur.
Vətəndaşlar görür ki, ildən-ilə dilənçilərin sayı azalmır, bu, artıq öz rəhbərliyi, strukturu, tabeçiliyində qurulmuş kölgə biznesidir. Eyni zamanda, pulun hara, kimin cibinə getdiyi məlum deyil. Əlbəttə ki, isti havada maşınlar arasında gəzən uşaqların cibinə deyil.
Ancaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də öz mövqeyi var. Bu qurumla əlaqə yaradanda bizə bildirdilər ki, bu qrup uşaqlarla daim işləyirlər:
“Biz onlar üçün sənədlər hazırlayırıq. Əksəriyyətinin sənədi yoxdu. Qaraçılar arasındakı erkən nigahları ləğv etməyə çalışırıq, onları məktəblərdə təhsilə cəlb edirik. Ancaq onlarla işləmək çox çətindir - qaraçıların öz qanunları və ənənələri var, onlar bəzən uşaqların hüquqlarına hörmət etməyən, yalvarmağa məcbur edən qapalı sosial qrupdur. Deməliyəm ki, işlər müxtəlif uğurlarla davam edir, biz dilənçilik, fala baxma zəncirini qırmağa çalışırıq, amma bu uzun və çətin prosesdir.
Hətta digər ölkələrdə qaraçıların ictimai həyatın müxtəlif sahələrində uğurlar qazandıqları, lakin Azərbaycandakı qaraçılar arasında böyük maraq oyatmaq barədə maarifləndirici videolar hazırladıq. Lakin onlar hələ də oxumurlar, təhsilə və ölkənin ictimai həyatında iştiraka maraq göstərmirlər” , - Dövlət Komitəsindən bildiriblər.
Bəs polis necə? Əgər xoş rəftarla nail olmaq mümkün deyilsə, bəlkə sərt tədbirlər görülməlidir? Təəssüf ki, polis də dilənçilərin öhdəsindən gələ bilmir, çünki bunun üçün müvafiq qanunvericilik bazası mövcud deyil. Dilənçilik üçün inzibati cərimə var, vəssəlam.
Polisin edə biləcəyi maksimum, cərimədən sonra dilənçini yaşayış yerinə, məsələn, Yevlaxa aparmaqdır, ancaq bu, onun dərhal Bakıya qayıtmasına və yoldan keçənlərdən pul istəməsinə mane olmur.
Bu barədə danışan Bakı Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev 1news.az-a bildirib ki, peşəkar dilənçilər böyük ictimai təhlükədir:
“Dilənçilər kriminallaşmış bir cəmiyyətdirlər, onlar işləyə bilər, lakin işləmək istəmirlər, əvəzinə pul istəyirlər, baxımsız uşaqları oğurlamaq və digər insanların əmlakını oğurlamaqla məşğuldurlar. İnsanlar dilənçilərə inanmamalıdırlar, çünki bu yolla peşəkarlıqla pul qazanırlar. Cəmiyyətimiz humanistdir, amma burada yaxşılığın zərərli olma ehtimalı daha çoxdur, çünki dilənçilərin qazancları artır və uşaqları daha çox istismar edirlər.
İş o yerə çatır ki, bəzən bayram günlərində onlar üçqat qazanırlar. Əminəm ki, cəmiyyət bu cür sədəqə tətbiqindən əl çəkərsə, dilənçilərin ümumi sayının azaldılmasına kömək edəcəkdir. Burada birləşmək lazımdır. Türkiyə və İtaliyada dilənçilərə pul verənlərə cəza tətbiq olunur. Həqiqətən də pula ehtiyacı olan insanlara kömək etmək lazımdır, uşaqları istismar edənlərə deyil”.
Qeyd edək ki, qaraçılarla oxşar problemlər digər ölkələrdə - Rumıniya, Bolqarıstan, Moldova, Rusiya, Ukrayna, Macarıstan və s. də yaşanır. Qaraçı ailələrinin çoxu nəsilləri üçün davam etdirilən əsas ailə işi olaraq dilənçiliyi seçir. Və onlarla müxtəlif yollarla, bəzən sərt şəkildə mübarizə aparırlar.
Bəli, dilənmək günah deyil, ancaq bunun üzərində iş qurmaq, uşaqları dilənməyə məcbur etmək, uşaqlıqların gələcəyini əlindən almaq tamamilə başqa bir şeydir. Qapalı dairəni qanuni üsullarla qırmağın vaxtı gəlib - əks halda “təbiətdəki dilənçilər dövrü” insan xeyirxahlığından qazanc əldə etməkdə davam edəcək.
Tərcümə: S.Xankişiyeva