Vasif Əliyev: Hər kəs seroloji testdən keçməyə maraq göstərməlidir

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində seroloji testlər – bir insanın COVID-19-a yoluxub-yoluxmadığını aşkar edəcək antikorlar üçün testlərə başlanılıb.
Bu testlərin əsas məqsədi əhali arasında virusun yayılması barədə təəssürat əldə etmək, həmçinin son 3 ayda neçə insanın virusa qarşı immunitetinin inkişaf etdiyini öyrənməkdir. Həmçinin, testin nəticələri pandemiya ilə mübarizə üçün ən uyğun üsulları seçməyə imkan verəcəkdir.
Antikor testləri 18-65 yaş arası təsadüfi seçilmiş vətəndaşlar arasında könüllü olaraq aparılacaq. Çağrı mərkəzinin işçiləri bu insanları tapacaq, test üçün razılığını alacaqlar və sonra yerli poliklinikadan olan tibb bacıları onların evlərinə göndəriləcək. Test üçün sadəcə damardan 3-5 ml qan götürmək kifayətdir. Bundan əlavə, könüllülər qanın ümumi analizini də verə biləcəklər.
Bundan sonra qan nümunələri ən qısa müddətdə laboratoriyaya çatdırılacaqdır. Test nəticələrinin tibbi və statistik işlənməsi mütəxəssislər tərəfindən aparılacaq və könüllülər mütləq onun müayinəsinin nəticəsini və ümumi qanın testini (əgər könüllü şəkildə vermək istəyini ifadə edirsə) alacaq. Tədqiqat başa çatdıqdan sonra bütün nümayəndələr qrupu üçün qan analizlərinin nəticələri ictimaiyyətə açıqlanacaq.
İlkin mərhələdə seroloji testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Qeyd edək ki, araşdırmalar dövlət tərəfindən idxal olunan EUROIMMUN alman şirkətinin yüksək həssaslığa və spesifikliyə malik reaktivlər vasitəsilə aparılacaq.
1news.az-a verdiyi müsahibədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, yoluxucu xəstəliklər üzrə mütəxəssis Vasif Əliyev bu testin təsadüfi seçilmiş vətəndaşlar arasında könüllü şəkildə aparılacağını vurğuladı. Öz növbəsində, seçilməmiş insanlar bu testi tətbiq edə və ala bilməyəcəklər.
“Seroloji testin faydaları nədir. Bəzi insanlarda koronavirus yüngül və asemptomatikdir, buna görə də bu xəstəliyə yoluxub-yoluxmadığını bilmirlər. Koronavirusa qalib gəlmiş insanların orqanizmində yenidən infeksiyadan qoruyan antikor var. Və seroloji test insanın orqanizmində bu antikorların olub-olmadığını öyrənməyə imkan verir. Qeyd edək ki, antikor aşkar edildiyi təqdirdə, şəxs heç bir əlavə müayinə və müalicə keçməməlidir.
Bir neçə səbəbə görə bu testə razılıq verməyə dəyər. Birincisi, tamamilə zərərsizdir, analiz üçün damardan cəmi 3-5 mililitr qan götürmək lazımdır. İkincisi, bu prosedur pulsuzdur, çünki dövlət tərəfindən ödənilir. Üçüncüsü, şəxs öz vəziyyəti haqqında məlumatlı olur və yoluxma risklərini qiymətləndirə bilər.
Məsələn, mən şəxsən özümün vəsaiti hesabına bu testdən – koronavirusun olub-olmadığını və gələcəkdə bu xəstəlikdən ehtiyat edə bilmək üçün keçdim. İndi insanlara bu fürsət pulsuz veriləcək. Bu səbəblərə görə, hər kəs bu testdən keçməyə maraq göstərməlidir.
Öz növbəsində dövlət, seroloji testlərin nəticələrinə əsasən, insanların orqanizmində neçə faiz antikor olduğunu aşkar edəcək. Payızda yeni bir dalğanın başlayacağını söyləyirlər, çünki karantin rejimi yüngülləşdirildikdən sonra yoluxma riskləri artacaq. Buna görə insanların neçə faizinin COVID-19-dan qoruyan antikorların olduğunu bilmək çox vacibdir - buna əsaslanaraq virusun yayılmasını hesablamaq olar.
Məsələn, test nəticələrinə görə, əhalinin 70 faizinin koronavirusa yoluxduğu və sağaldığı aşkar edilərsə, genişmiqyaslı infeksiyalardan qorxmaq lazım olmayacaq. Kiçik bir hissəsi xəstələnibsə, deməli insanlar daha diqqətli olmağa və profilaktik tədbirlərə riayət etməyə davam etməlidirlər” deyə V.Əliyev vurğulayıb.
Qeyd edək ki, dünya birliyində seroloji testlər sahəsində tədqiqatlar əhali arasında infeksiya ən yüksək olan ölkələrdə və şəhərlərdə aparılıb. Məsələn, antikor testləri Almaniyadakı Oldendorf, Çində Uhan, Hindistanda Mumbay və İsveçrədəki Cenevrə kimi şəhərlərdə aparılıb. Türkiyədə, 153 min nəfər ölkə daxilində COVID-19 antikorları ilə bağlı analiz verib.
Tərcümə: S.Xankişiyeva