Deputat: “Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər”

12:43 - 07 / 09 / 2020
Deputat: “Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər”

Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük əhatəli islahatlar həyata keçirilir. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi bu islahatların tərkib hissəsidir.

İslahatların nəticəsi olaraq  dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə müşahidə edilir.

Bütün bu hallar əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır.

Müşahidələr göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.

Bu baxımdan, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı müəyyən fikirlər səslənir. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev məsələ ilə bağlı 1news.az-a deyib ki, ərazi vahidlərinin bölünməsi, ərazilərin idarə olunması kimi məsələlərə geniş konteksdə baxılmalıdır:

“Həmin ərazilərdə ilkin olaraq iqtisadi potensialın qiymətləndirilməsi aparılmaldır. Daha sonra orada yaradıla biləcək iqtisadi subyektlərin hər biri təhlil olunaraq, məhz əraziyə əsaslanmış bir inkişaf modeli seçilməlidir. Həmin əraziyə əsaslanmış inkişaf modelinin geniş idarəçilik sisteminin tətbiq olunması da faydalı ola bilər. Nəzərə alsaq ki, dövlət strukturlarında optimallaşdırılma gedir, dövlət büdcəsinə olan əlavə xərclərin azaldılması istiqamətində də məqsədyönlü təkliflər səsləndirilir. Ona görə də Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər”.

“Hesab edirəm ki, Azərbaycanın bütün ərazilərində, bölgələrində iqtisadi potensial kifayət qədər böyükdür” – deyə, deputat fikirlərinə əlavə edib:

“Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması, xarici təhdidlərdən qorunması üçün seçilmiş idarəetmə üsulu qənaətbəxş idi. Amma nəzərə alsaq ki, artıq dünya dəyişir, Azərbaycan da tamamilə şəffaf, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti daha da davamlı edir, ona görə də düşünürəm ki, məhz böyük şəhərlərin idarə olunması üçün yerli özünüidarəetmə üsulunun da daha geniş formatda tətbiq olunması indiki məqamda daha məqsədəmüvafiq ola bilərdi.

Amma bütün şəhərdə tətbiq olunan idarəçilik əsasən iqtisadi potensialın artılılmasına və ən azından həmin yerlərdə əhalinin rifahının yaxşılaşdırılmasına xidmət eləməlidir. Bu baxımdan hesab edirəm ki, hər bir bölgədə, hər bir şəhərdə, rayonda ayrı-ayrılıqda məhz həmin əraziyə əsaslanmış iqtisadi model təhlil olunmalıdır və həm yerdəki, həm regiondakı, həm də ümumən Azərbaycandakı iqtisadi modellə tam  uzlaşmalıdır ki, iqtisadiyyatda başlamış şəffaflaşma prosesinə böyük təkan olsun”.

Qafar Ağayev

Paylaş:
1219

Son xəbərlər

Bütün xəbərlər