Azərbaycanda xüsusi karantin rejimi yumşaldıldı - Operativ Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimi yumşaldıldı - Operativ Qərargah

09:10 - 08 / 09 / 2020
Azərbaycanda xüsusi karantin rejimi yumşaldıldı - Operativ Qərargah

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb:

- Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Bundan başqa bu gündən mehmanxanalar qarşısında COVID-19-la bağlı qoyulmuş iki tələb ləğv edilib. Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməli idi. Eyni zamanda  COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Hər iki tələb ləğv edilib. Qərar bu gündən qüvvəyə minib.

Eyni zamanda bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Xatırladaq ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər